·218 syf.····Okunma: 26 Ocak 2026 07:17 Aleks Şuman – “Malma stansiyası”
️ Bəzi kitablar var ki, oxunmaqla bərabər, sanki insanın "daxilinə işləyir". “Malma stansiyası” məhz o kitablardandır. Aleks Şuman qələmindən oxuduğum ilk kitab idi. Bu əsəri oxuyarkən anladım ki, yazıçı insan ruhunun ən incə, ən kövrək nöqtələrinə toxunmağı bacaranlardandır. Bu da düşünürəm, öz yaşadığı və qarşılaşdığı real hadisələr əsasında yazılmasından irəli gəlir.
️ Kitabdakı nüanslar o qədər düşündürücü və real idi ki, sanki hər səhnədə özümüzdən bir parça tapırdıq.
Ən təsirlisi isə müzakirə zamanı yaşandı. Fikirlər paylaşılarkən, personajların yaşantıları haqqında danışarkən elə anlar oldu ki, sözlər birbaşa qəlbimizə toxundu, gözlərimizin dolduğunu gizlədə bilmədik.
️ Harriet sakitliyi ilə danışan, çox şeyi içində daşıyan bir obrazdır. Onun sükutunda keçmişin yükünü, deyilməmiş sözləri, içində saxladığı ağrını hiss edirsən.
️ Oskar isə daha çox içində parçalanan, qərarsız, öz yolunu tapa bilməyən bir obrazdır. O, həyatla barışmaqla ondan qaçmaq arasında qalır.
️ Yana isə kitabın emosional balansıdır desəm, bəlkə də yanılmaram. O, açıqdır, hisslərini gizlətmir, amma onun da güclü görünən tərəfinin altında kövrək bir daxili dünyası var. Yana həyatın içində qalmağa çalışan, sevməkdən və incinməkdən qorxmayan bir obraz kimi yadda qalır.
️ “Malma stansiyası” mənim üçün yaddaqalan bir kitab oldu. Oxumayanlara isə ürəkdən tövsiyə edirəm. Bu stansiyada bir az dayanmağa dəyər.