·140 syf.····Okunma: 03 Şubat 2026 08:57 - Biz başqayıq, hə? Niyə? Çünki... çünki mənimçün sən varsan, səninçün də mən.
Bu kitab az səhifəyə nə qədər böyük kədər sığdırmağın sübutudur. Steinbeck bizə göstərir ki, bəzən dünya sadəcə 'yaxşı' olanlar üçün deyil.
Kitabın adı təsadüfü seçilməyib, əsərin adı şotland şairi Robert Börnsün 1785-ci ildə yazdığı "To a Mouse" şeirindəki məşhur bir misradan götürülüb: "Siçanların da, insanların da qurduğu ən yaxşı planlar çox vaxt boşa çıxır.
Hekayəsi: Robert Börns tarlada işləyərkən kotanla yeri sürür və istəmədən bir siçanın yuvasını dağıdır. Siçan qış üçün özünə isti yuva qurmuşdu, ehtiyat görmüşdü. Amma bir saniyənin içində insanın kotanı gəlib o "planı" məhv etdi.
Börns siçanı qovmur, əksinə, oturub onun üçün üzülür. O anlayır ki, siçanla insanın taleyi əslində eynidir.
Şair siçana müraciət edərək deyir ki, sən tək deyilsən, biz insanlar da eyni gündəyik. Biz nə qədər gələcək üçün plan qursaq da, həyat gəlib o planları bir anda darmadağın edə bilir.
Kitabda Lenninin daim əlində siçan gəzdirməsi və onları "istəmədən" öldürməsi də elə bu şeirə bir işarədir.
Məncə, romanın əsas məğzi budur: Hər şeyin həddindən artığı zərərdir.
Lenni qəddar deyildi, o, sadəcə bu dünya üçün çox 'böyük' idi. Amma onun saflığı da, fiziki gücü də 'həddindən artıq' idi. Elə bu aşırılıq onun başına bəla oldu. O, sadəcə sevmək və toxunmaq istəyirdi, amma dünya bu sevgini qəbul edə bilməyəcək qədər mürəkkəb və qəddardır.
Corc və Lenninin o məşhur 'ferma xəyalı' əslində hamımızın qəlbində gəzdirdiyi o əlçatmaz dinclik yeridir. Kitabın sonu isə bir dostun dostu üçün edə biləcəyi ən ağır fədakarlıqla bitir. O son güllə səsi əslində tək Lennini deyil, həm də onların birlikdə qurduğu bütün ümidləri və gələcəyi öldürdü.
Sonda anladım ki, bəzən ən təmiz xəyallar belə həyatın sərt reallıqları qarşısında tab gətirə bilmir.