Salam, bu gün sizinlə "Ölü Ozanlar Dərnəyi" və "Gənc Yazarlar İttifaqı" ilə birlikdə oxuyub müzakirə etdiyimiz Səbinə Dənizin "Yaralı ruhlar" əsərinin təhlilini bölüşəcəyəm.
Təhlilə belə bir sualla başlamaq istəyirəm. "Həyatda tanıdığımız insanlar, həqiqətən, kimdir?" Güzgüdə baxdığımız "mən" ilə içimizdəki "ruh" eynidirmi? Səbinə Dənizin "Yaralı Ruhlar" kitabı oxucunu məhz bu tip dərin suallarla üz-üzə qoyur.
"Yaralı Ruhlar" əsəri insan psixologiyasının qaranlıq və işıqlı tərəflərini aydın şəkildə göstərir. Müəllif kitabı iki əsas sütun üzərində qurur: "Sən" (zahiri görünüş, cəmiyyətin gördüyü tərəf) və "Ruh" (heç kimin görmədiyi, yalnız fərdə aid olan tərəf). Kitab boyu biz müxtəlif insanların həyatları ilə tanış oluruq və oxuduqca onların ağrılarını daha yaxşı anlayırıq.
Yazıçı bu əsərlə oxucu ilə dialoq qurur. Müəllif sanki qarşınızda oturub sizinlə söhbət edir, qorxularınızı və yalnızlığınızı sizin əvəzinizə dilə gətirir.
Əsərin dili olduqca səmimi, axıcı və emosionaldır. Mürəkkəb psixoloji sarsıntılar sadə, lakin təsirli şəkildə izah edilir. Həqiqətən, sadə bir əsər olsa da, bir çox qarışıq duyğuları özündə əks etdirib. Həqiqətən, çox təsir etdi mənə. Cəmi 38 səhifədə belə dərin duyğuların izah olunması təqdirəlayiqdir. Oxudum, çox bəyəndim, gənc yazarımıza da gələcək fəaliyyətində uğurlar arzulayıram .