·1552 syf.··Beğendi
···Okunma: 23 Şubat 2026 23:18 Sizlərə iki aydı əlimdən düşməyən və ən azı kitab oxumağı mənə sevdirən "Səfillər"in illərdi özümə tək qəhrəman seçdiyim obrazı Jan Valjan qədər qəlbimdə yer tutacaq Edmond Dantes-imdən yazacam. Hər cür xəyanətlərə məruz qalaraq,bunlardan yoğrulmuş Edmonddan. Qısacası illərin dəyişdiyi yeni bir adla doğulan Monte Cristo Kontu'dan! Hansı ki, iki cildlik bu kitabın hər səhifəsində gözləriniz yalnız onu axtaracaq,eyniylə bu yazıq qəlbi qucaqlamaq,başına sığal çəkmək istəyəcəksiniz. Niyə desəniz,çünki ona bunları edəcək heç kim yox idi.
Bir adam düşünün. Gəncliyinə yeni addım atmış,19 yaşında,karyerasına yüksəlişin tam astanasında,hə bir də sevdiyi qızla nişanlanır. Ondan xoşbəxti yoxdu hə? Səncə qəribə deyil?Həyat bu qədər yolunda gedə biləcək qədər bəsitmi?Yox əlbəttə. O bu qədər ədalətli deyil ki. Dayan,bunları da düşün,itib,batıb-getmiş on dörd ili,yarım qalmış gəncliyi,geriyə qalan kini,nifrəti və iyirmi dörd ili alan intiqamı... Həm də necə intiqamı,zərif-zərif,ilmək-ilmək toxunulmuş... İntiqam!Sən də olmasan o yazıq ürək necə təsəlli tapardı?!
Zirvədəsən hə?Xoşbəxtsən hə? Üstəlik yuxuda da deyilsən. Nə gözəl.Dayan,yerə çırpılmağına az qalıb. Bəs sonra? Ya boyun əyəcək,ya qarşı çıxacaqsan,ya gözləyəcək ya da bütün bunlara son verəcəksən. Sən hansını istəyərdin? Gec olsa da,illər itirsən də,bir gənclik versən də sonda hesablaşmaq istəməzsən?Kim istəməz ki? Ən adi hadisələrin belə kinini qəlbində daşıyan insan beyni əlindən oğurlanan 14 ili necə unuda bilər?Əlindən alınan gəncliyi ya necə? Ya gənclik sevgisini?
Edmond Dantes,həyatın sınağından hələ keçməmiş,xoşbəxt,19 yaşlı bir gənc idi. Dost bildiyi,güvəndiyi insanların xəyanətlərinə məruz qalmadan,günahsızkən,illərlə bilməyəcəyi səbəbdən həbsxanada 14 il qalmadan,on ildən sonra ortaya çıxıb Monte Cristo Contu adıyla yenidən doğulub intiqam almadan öncə...
Edmond sevdiyi qızla tam nişanlanacağı gün Napaleon Bonaparta tərəfçilik ittihamından(səbəbini belə illər sonra bilir) həbsə atılır. Yazıçı onun həbsdə olduğu illəri kitabda o qədər geniş təsvir edir ki,oxuduqca,hər dörd il,iki il,altı il keçdikcə sanki bu dəfə qurtulacaq,bu dəfə kimsə kömək edəcək hissinə qapılırdım. Amma gözlədiklərimin heç biri olmurdu. Sən demə onu hələ 14 illik həbs həyatı gözləyirmiş.Edmond insanlığın yox olduğu bu yerdə - İf Şatosunda illərlə insan axtarır. Heç kim əl uzatmaq istəmir. Baxıb keçirlər,bir kəlmə belə kəsmirlər. O, bu haldaykən,onu bu vəziyyətə salanlar isə istədiyi yerə çoxdan çatmış,həyatlarını qurmuş olurlar. Ağırdı hə? İnsan əsla bağışlamaz. Bağışlamır da. İntiqam hissi hər gün ürəyini parça-parça edir,hər gün ordan qurtulmağa can atır. Sonra yenidən ümidsizliyə qapılır,düşdüyü qaranlığa alışır,başa düşür ki,çarə yoxdu,mümkün ola biləcək hər yol tükənib.O da zamanla arzu etdiyi ölümün səssizliyinə bükülür. O vaxta kimi sadəcə bir tıqqıltı bəs edir qapıldığı uçurumdan onu yenidən dartıb çıxartmağa. Bu kimiydi desəniz Başrahib Faria'ydı,bu lənət,kimsəsiz yerdən qurtulmağa cəhd edən,eyniylə Edmond kimi günahsızca həbs edilən qoca Faria,ya da həbsxana heyyətinin çox ucuzca,anlamağa cəhd belə eləmədiyi "dəli" deyib keçdiyi Faria'sı. Faria Edmonda ömür boyu təşəkkür edəcəyi həyatını yenidən qazandırır,ona təsəlli olur,güc olur,qüvvət olur və ən əsası dost,ata olmağı bacarır. Sənə mən də təşəkkür edirəm,o kimsəsiz qəlbi yenidən dirçəltdiyin üçün.
Kitabı oxumadan əvvəl pis insanların belə qəlbində yaxşılığın olduğuna inanırdım. Amma fikrim tamamən alt-üst oldu desəm yeridir. Bəzi insanlar həqiqətən çox pisdirlər,onlarda yaxşılığın zərrəsinə belə rast gəlməzsiniz. Fernand,Danglars,Villefort,Caderousse... Bir-birindən rəngarəng çirkin qəlbli insanlar. Onları müqayisə edəcək olsanız Danglarsın əlinə əlbəttə su tökən olmaz. Və deyərdim ki,Edmondun başına gələnlərin tək səbəbi də məhz Danglarsdan qaynaqlanır. Digərləri sadəcə kömək edir. Hər biri başlarına gələnlərə layiq idilər. Düzdü oxusanız qurunun oduna yaşın da yandığına şahid olacağınız yerlər olacaq. Bu Edmond kimi biraz məni də incitmişdi. Neyləyək,bəzən belə də olur.
Nəhayət bir də Mercedesdən danışıb incələməmi bitirmək istəyirəm. Ümid edirəm oxumaq istəyənlərin biraz faydalanacağı yazı olmuş olar. Yəni ən azından mən bu ümidlə başlamışdım.
Gözəl,katalan qızı, Edmonddan başqa heç kimi olmayan Mercedes. Əslində bir vaxtlar Edmondun da o və atasından başqa heç kimi yoxuydu. Gəncliyin verdiyi arzuyla həyat qurmaq istəmişdilər. Gəl ki,taleh onlardan yana işləmədi. Edmondun həbslə həyatı bitdi,Mercedes isə çoxdan yeni həyat qurmuşdu. Sizlərə danışdığım iyirmi dörd ili alan intiqamlar silsiləsindən tək Mercedes yan keçmişdi. Səbəbi isə əslində çox bəsit idi,Mercedesin ondakı yeri hələ də eyni qalmışdı:
●İntiqam almaya qərar verdiyim gün ürəyimi söküb atmadığıma görə,ağlımı qaçırmış olmalıydım.
Mercedesin bir günahının olub-olmadığına gəlsək,deyərdim ki,o sadəcə hadisələrə təslim olmağı seçdi,bu qədər.
Uzun müddətdi sözün əsl mənasında belə bir kitaba ehtiyacım vardı. Hadisələrin məni dərindən sarsmasına,bütün gün məhz həmin hadisələri beynimdə yaşatmağa həqiqətən ehtiyacım vardı. Hətta hamımızın deyərdim. Oxuyun,mütləq oxuyun.