Mən hesab edirəm ki, Fyodor Dostoyevski Cinayət və Cəza əsərini yazmaqda əsas məqsədi pul qazanmaq olmayıb. O, bu əsər vasitəsilə insanların diqqətini həmin dövrün sosial vəziyyətinə, yoxsulluğa və insanların iç dünyasında baş verən mənəvi mübarizəyə yönəltmək istəyib.
Raskolnikov obrazına gəldikdə isə, məncə o, qürurlu və təkəbbürlü bir insan idi. Onun qüruru və özünü digərlərindən üstün hesab etməsi onu məhvə aparan əsas səbəblərdən biri oldu. O, sadəcə çətin vəziyyətdə olduğu üçün yox, həm də özünü “seçilmiş” insan kimi görüb bəzi şeylərə haqq qazandırdığı üçün bu cinayəti törətdi. Əgər onun bir az ümidi olsaydı, həyatda məqsəd tapsaydı və çalışmaq üçün motivasiya əldə etsəydi, bəlkə də bu cinayət baş verməzdi.
Bu baxımdan Raskolnikovun faciəsi təkcə yoxsulluqla bağlı deyil, həm də onun yanlış düşüncələri və ideoloji qüruru ilə əlaqəlidir. O, öz ağlı ilə hər şeyi əsaslandırmağa çalışsa da, vicdanı onu rahat buraxmadı və daxili əzab onun ən böyük cəzasına çevrildi.
Sonya… ah Sonya… Yazıq, amma çox güclü bir obrazdır. O, səbirli, mərhəmətli və hər qaranlıqda işıq görə bilən bir insandır. Onun sevgisi və səbrinin gücü sayəsində Raskolnikov yenidən həyata bağlana bildi. Sonya Raskolnikovun tam əksidir — o, qürur və üsyanı yox, iman, sevgi və anlayışı təmsil edir. O, Raskolnikovu dəyişməyə məcbur etmir, sadəcə onun yanında olur və bu da ən böyük təsirə çevrilir.
Əsəri oxuyarkən mən böyük həyəcan və eyni zamanda nifrət hissi keçirdim. Xüsusilə Raskolnikovun düşüncələri və hərəkətləri məndə mənfi hisslər oyadırdı. Amma əsərin sonunda bu nifrət hissi tədricən anlamağa, sonra isə müəyyən mənada sevgiyə çevrildi. Bu da yazıçının nə qədər güclü psixoloji təsir yaratdığını göstərir.