·272 syf.····Okunma: 30 Mart 2026 19:11 Tanrı ilə söhbət haqqında mənim düşüncələrim bir qədər qarışıq qaldı. Kitabı oxuyarkən bəzi fikirlər məni çox düşündürdü və hətta razılaşdım, amma bəzi hissələr isə mənə tam uyğun gəlmədi.
Əsər Neale Donald Walsch tərəfindən Tanrı ilə dialoq formasında yazılıb və bu üslub oxuyarkən fərqli bir hiss yaradır. Sanki insan öz daxili suallarına cavab axtarırmış kimi olur. Xüsusilə sevgi, bağışlama və qorxusuz yaşamaq haqqında deyilənlər mənə yaxın gəldi. Bu hissələrdə kitabın insanı rahatladan və düşündürən tərəfi var.
Amma bəzi məqamlar var ki, mənim üçün mübahisəli qaldı. Məsələn, insanın hər şeyi özü yaratması fikri mənə bir qədər şişirdilmiş göründü. Həyatda hər şeyin yalnız insanın düşüncələrindən asılı olması ilə tam razılaşa bilmədim. Həmçinin Tanrı anlayışının təqdim olunma forması da mənim bildiyim ənənəvi baxışlardan fərqləndiyi üçün bəzən tərəddüd yaşadım.
Ümumilikdə bu kitab mənə hazır cavablar vermədi, əksinə daha çox suallar yaratdı. Bəlkə də onun əsas məqsədi də elə budur – insanı düşünməyə vadar etmək.
Sonda belə nəticəyə gəldim ki, bu kitabı oxuyarkən hər deyilənə inanmaq yox, özün üçün uyğun olan fikirləri götürmək daha doğrudur. Mən də elə etdim: bəzi hissələri qəbul etdim, bəzilərini isə öz baxışımda saxladım.