·263 syf.··Beğendi
···Okunma: 05 Nisan 2026 00:28 Biz özümüzə aid olanların ya pul gücünə, ya da qol gücünə əlimizdən alındığının dəfələrlə şahidi olmuşuq. Hətta bəlkə də o qədər yağmalanmışıq ki, bir müddət sonra müqavimət göstərə bilməmək, qəbullanmaq, sürüklənmək vərdiş halını alıb.
Romanda sivilizasiya, sərt hərbi rejim, sevgi, ehtiras, yaş faktorunun həyatımıza təsiri və ən əsası, heç kimə faydası olmayan, amma yastığa rahat baş qoyduran “vicdan” ilə tanış olacaqsınız. Sivilizasiyadan uzaq qalmaq bəzən bir seçimdir, bəzən isə məcburiyyət. Bu, bir az da din mövzusuna bənzəyir. Doğulduğun ölkə İslam dininə sitayiş edir, amma sənin özünün sərbəst seçim etmə şansın olmur bəzən. Ailə müsəlmandırsa, sənə də hələ doğulmamış bu “proqram” yüklənir. Amma heç bir halda, inancından, yaşam tərzindən, irqindən, cinsindən asılı olmayaraq, insanlar ölümə məhkum edilməməlidirlər.
Kitabda kimsəsiz və sahibsiz torpaqlarda məskunlaşmış köçəri tayfaların imperiya tərəfindən qol gücünə qovulduğunu oxuyacaqsınız. Üstəlik, qaladan çölə kəşfə çıxıb, barbarları yenidən öz torpaqlarına gətirən və insanlara “bunlar bizim düşmənimizdir” deyərək, onların gözü önündə heç bir canlıya edilməyəcək işgəncələr edən dırnaqarası “mühafizlər”lə də tanış olacaqsınız.
Xalqın qorxu və özgüvən arasında yaşadığı müxtəlif dövrlərdə isə ədalətsizliyə göz yuma bilməyən, işinin adamının reputasiyasının enişli-yoxuşlu yollarının şahidi olacaqsınız. Kitabı oxuyub bitirənlərə Barbarları Gözləyərkən filmini də izləməyi tövsiyə edirəm. Film, Con Maksvel Kutzee-nin eyniadlı romanı əsasında çəkilib.
Həmçinin Kutzee kitabda yalnız vicdanlı insanların anlaya biləcəyi bir xatirə buraxıb: “Ədalətsizlikdən əzab çəkənlərin iztirablarına şahid olanlar xəcalətdən əzab çəkməyə məhkumdurlar”.
Monoloqlardan ibarət, az dialoqlu, axıcı romanda sizə xoş mütaliələr arzu edirəm.