Yenə möhtəşəm bir əsərin sonuna gəldim. Tarixə səyahət də deyə bilərəm buna. Əsər iki məhşur sənət adamının - Selincer ve Çarli Çaplinin həyatında dərin iz qoyan, Amerika dramaturqu Yuçin O'Nillin qızı Una O'Nillin həyatı (daha çox Selincerin), sevgisi haqqında olsa da, həmin dövrün real tarixi hadisələrini, II Dünya Müharibəsinin dəhşətlərini bütün faciəvi cəhətlərilə, təfərrüatilə ortaya qoyan, dövrün digər məhşur insanlarının həyatına nüfuz etmək, onları daha yaxından tanımaq cəhətdən sözün əsl mənasında möhtəşəm əsərdi. Başlanğıcda Selincer və Unanin sevgi macərası kimi başlayan əsər, sonra Selincerin könüllü müharibəyə getməsilə artıq savaşın dəhşətlərini də göstərir, həm də bütün açiqlığı ilə. Selincerin ilk və nakam məhəbbəti onu könüllü olaraq müharibənin dəhşətlərilə üzləşməsinə gətirib çıxarır, gələcəyin məhşur yazıçısı ağır sınaqlardan keçməli olur, ölümün gözlərinin içinə baxır. Bütün bunlar onun psixikasına da təsirsiz qalmır. Selincerin pəristişkarı olduğu yazıçı Ernest Heminqueylə görüşü və onların dialoqu çox təsirlidir. Hətta Selincer özüdə etiraf edir ki, sırf sevimli yazıçısının yolu ilə getmək, qəhrəman olmaq istədiyi üçün müharibəyə yollanır. Maraqlıdır ki, müharibənin dəhşətlərini birbaşa yaşamış yazıçı müharibə haqqında demək olar ki, heç nə yazmayıb. Heminqueylə söhbətində Selincer buna belə açıqlama verir; I Dünya müharibəsini görən valideynlərimiz, bizdən əvvəlki nəsil bizə ancaq müharibədən danışdı, bəlkədə elə buna görə də müharibə, savaşmaq hərisi bir nəsil yetişdirdilər. Ancaq mən müharibədən yazmayacağam. Qoy bizdən sonraki nəsillər bu dəhşətləri bu qədər dərinliylə bilməsinlər. Onlar müharibədən uzaq böyüsünlər. Selincer buna nə qədər nail oldu deyə bilmərəm, ancaq yazdığı əsərlərlə milyonların sevimli yazıçısı zirvəsinə yüksələ bildi. Unaya gəlincə aralarındakı böyük yaş fərqinə baxmayaraq Çarli Çaplinə dəlicəsinə vurulur və onun da həyatında mühüm rol oynayır, ona 8 övlad bəxş eləyir və Çarlinin ölümündən sonra yaşadığı böhran nəticəsində içkiyə qurşanır. Məni isə əsərdə daha çox Selincerin sevgisinin saflığı, dərinliyi, təmizliyi, hətta ilahiliyi sarsıtdı. Əsəri oxuduqca içimdən "Ah Selincer, nə vardı bu qədər sevəcək" deyirdim.... Ancaq sonra anladım ki, bəlkə də Selinceri Una yaratdı, Unaya olan sevgisi, bu sevgi üçün çəkdiyi ağrılar və üstünə müharibənin dəhşətləri (Selincerin müharibəyə getməsinin bir səbəbi də Unadan uzaqlaşmaq istəyilə bağlı idi, yəni könüllü ölümü seçmişdi, xoşbəxtlikdən, özünün mövqeyilə düşünsək isə bədbəxtlikdən ölmədi, əlavə fiziki və mənəvi yaralarla geri qayıtdı). Bir sözlə, Selinceri, eləcə də dövrün digər məhşurlarını yaxından tanımaq istəyənlər bu əsəri mütləq oxusunlar... Selincersevərlərə isə bu əsəri şiddətlə tövsiyə eləyirəm....