Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

640 syf.
10/10 puan verdi
Mən sovet dövrü ədəbiyyatı ilə böyümüş nəslin nümayəndəsiyəm, idealist ədəbiyyatının... Uşaqlığımın ən saf, hər şeyə, hər kəsə inanan vaxtları bu əsərləri oxuyaraq, orda yazılanların hər sətrinin həqiqət olduğuna inanaraq keçmişdi. İlyas Əfəndiyev, Hüseyn Abbaszadə, Salam Qədirzadə, Əfqan və daha adını indi xatırlamadığım neçə - neçə yazıçılar öz əsərlərində o dövrü o qədər ideallaşdıraraq təsvir edirdilər ki, içimdən kaş o dövrdə yaşayaydım, kaş o dövrün insanı olaydım deyə keçirərdim, o dövrün insanı olmadığım üçün təəssüflənərdim. Sonra böyüdüm, anladım ki, ideal rejim yoxdur və hər rejim öz mütləqiyyətini qurmaq və ehkamlarını yaşatmaq üçün mütləq qurbanlar verir və bu qurbanlar çox vaxt günahsız insanlar olur. Doktor Jivaqo mənə sovet dövrünə, o dövrün hadisələrinə başqa bir pəncərədən, yeni aspektdən baxmağa zəmin yaratdı... Əvvəlcə, əsər haqqında qısa məlumat verim. Belə ki, əsər rus inqilabı dövründə baş verən hadisələri özündə əks etdirir. Əsər bir çox məqamlarıyla Boris Pasternakın həyatında baş verən hadisələrlə səsləşir. Bu anlamda avtobioqrafik əsər sayılır. Əsəri oxuya - oxuya internetdə bir az araşdırma apardım və əsərlə bağlı qarşıma çıxan maraqlı yazıları oxudum. Oxuduqca təəəccübümü, heyrətimi gizlədə bilmədim... Doktor Jivaqonun, (eləcə də Boris Pasternakın) həyatı nə qədər keşməkeşli, nə qədər qalmaqallı, ağır olubsa, çətin sınaqlardan keçibsə, əsərin də taleyi bir o qədər keşmekeşli olub... Belə ki, B. Pasternak 1956-cı ildə romanı “Novıy Mir” jurnalına göndərir. Lakin həmin dövrün tələblərinə uyğun olmadığı və inqilaba əks mövqedən yazıldığı üçün qəbul olunmur. Ümumiyyətlə, əsər SSRİ-də uzun illər qadağan olunmuş əsərlərdən biri idi. Əsər 1957.ci ildə İtaliyaya gizli olaraq qaçırılmış, həm rusca, həm də italyanca çap olunmuş, böyük şöhət qazanmış, bir il sonra ingilis dilinə tərcümə olunaraq çap olunmuşdur. Pasternak bu əsərə görə 1958-ci ildə Nobel mükafatı almış, lakin yenə Sovet rejiminin təqibləri ucbatından bu mükafatdan imtina etməli olmuşdur. Əsər həmin dövrdə bir çox dillərə tərcümə olunmuş və böyük oxucu kütləsi qazanmışdır. 1985-ci ilə Rusiya daxilində baş verən müəyyən demokratişləşmə hərəkatından sonra ilk dəfə öz vətənində çap olunmuşdur. Göründüyü kimi əsərin taleyi də çox keşməkeşli olmuş və sərbəstcə oxunma hüququ qazanana qədər böyük sınaqlardan keçməli olmuşdur. Qeyd elədim ki, əsər rus inqilabı dövrünü, yəni daha dəqiq desək, 1890 – 1960 – cı illərdə baş verən hadisələri əks elətdirir. Əsərin baş qəhrəmanı Yuri Jivaqodur. Uşaqlıqdan anası və atasını itirən Yura dayısının və dayısının əmanət elədiyi ailələrin himayəsində böyüyür. Əslində Yuranın dünyagörüşünün və düşüncələrinin formalaşmasında böyüdüyü mühitin və şahidi olduğu tarixi hadisələrin böyük rolu olmuşdır. Belə ki, Rusiya inqilabından gözlənilən ümidlər özünü doğrultmur və ölkə daxilində vətəndaş çaxnaşmaları başlayır. Bütün bu şahidi olduğu hadisələr onun düşüncələrində iz qoyur və yaradıcılığına da təsir göstərir. Yura son olaraq Aleksandr və Anna Gromekoların himayəsində onların qızı Tonya Gromeka ilə birlikdə böyüyür. Yuranın istedadını ilk kəşf eliyənlərdən biri də elə Anna Gromeko olur. Yura özünə həkimlik peşəsini seçir və öz işində təcrübəli həkim kimi uğur qazanır. İllər keçir, Yura öz uşaqlıq dostu, sirdaşı Tonyayla evlənir. Romanın bir digər mərkəzi qəhrəmanı isə Laradır. Lara qonşuları və onu uşaqlıqdan dəlicəsinə sevən Paşa Antipovla evlənir.. Laranın taleyi də çox ağır olmuşdur, gəncliyində yaşadığı hadisələr onun da taleyində iz qoymuşdur... Müharibə başladığı zaman Paşa könüllü olaraq cəbhəyə yollanır və bir müddət sonra ölüm xəbəri gəlir. Lakin Lara buna inanmır və qızı Katyanı himayəyə verib, ərini axtarmaq üçün tibb bacısı kimi Paşanın xidmət elədiyi bölgəyə gedir. Elə buradaca Lara ilə Yuranın yolu uzun illər sonra yenidən kəsişir, budəfəki şərait onları bir - birinə yaxınlaşdırır, Doktor Jivago Laranı sevir, dərin və saf bir sevgiylə. Bir tərəfdə ailəsi, uşaqları, sevməsə də hörmət elədiyi həyat yoldaşı, digər tərəfdə sevgisi... Doktor Jivago çıxılmaz vəziyyətdədir. Tale Jivago və Laranı qısa müddətə də olsa birləşdirir, bu zaman Jivago artıq həkimliyi atıb ədəbiyyatla maraqlanmağa başlayır, şeirlər yazır. Jivaqonun ilham mənbəyisə Laradır. Hadisələrinin sonrakı axını daha maraqlıdır... Əsər mütləq oxunmalı olan əsərlərdəndir. Zənnimcə, “Doktor Jivaqo” Rusiyanın məlum dövrünü bu qədər aydın bu qədər dolğun və real tarixi faktlarla, olduğu kimi əks etdirən nadir əsərlərdəndir. Doktor Jivaqonun həyatına səyahətim onu anlamağa, ona haqq verməyə kifayət elədi. Jivaqonun çətinlikliklərini, sevgisini, kədərini, sevincini onunla bərabər yaşadım, bütün hisslərinə şərik oldum... Öz ölkəmizə nəzər saldım, uzun bir dövrü, tam olaraq 70 ili sovet hakimiyyəti altında yaşamış xalqımızın itirdiklərini düşündüm. Neçə - neçə ziyalılarımız bu rejimin qurbanı olub, nə qədər təbii sərvətlərimiz havaya sovrulub. Bütün bunları düşündükcə, təəssüf hiss etməyə bilmirəm... Əsərin bədii keyfiyyti, hadisələrlə hisslərin qarşılıqlı uyumu, Pasternakın dilinin axıcılığı əsərin bu qədər sevilməsinə də öz sözünü deyir. Əsər sonda Yura Jivaqonun şeirlərilə bitir. Bu da əsərin özünəməxsus xüsusiyyətlərindən biridir. Üstəlik, bu şeirlərdə Jivaqonun yaşadıqları, hissləri, həyəcanları özünü daha qabarıq göstərir. Zənnimcə, tarixə güzgü tutan əsərlərdəndir və bu baxımdan oxunmalıdır!
Doktor Jivago
Doktor JivagoBoris Pasternak · Şərq Qərb Nəşriyyatı · 20111,049 okunma
·
169 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.