Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Alıntılar
Sən gülümsünə-gülümsünə mənimlə eləcə danışdın. Mən anladım ki, uzun müddətdən bəri gözlədiyim elə bu dəqiqə imiş. Sevgilinə yetişmək üçün nahaq dalğalarını çoşdurursan, ey dəniz, fırtına tənhalığı xoşlayan bir məşuqədir. Uçurumun yalnız dərinliyinə aldanıb, öz eşqini ona etibar etmə! Təriflənmək məni utandırır, çünki mən gizlində onu arzulayıram. Məni öz sükutunun dərinliyinə apar ki, qəlbim ordan nəğmələr öyrənsin. Ah ey Dünya, mən öləndə öz sükütun içərisində mənimçün bircə xatirə saxla: "Sevirdim". Sən məni gündüzün izdihamlı zəvvarlığından axşamın tənhalığına gətirdin. Bunun mənası nədir? Gecənin sükutu içində bunu anlamaq istəyirəm... Sən özünün nə olduğunu görə bilməzsən; gördüyün şey yalnız kölgəndir. Mən iztirab da çəkmişəm, məyus da olmuşam, ölümü də dərk etmişəm, odur ki, bu böyük dünyada olduğuma şadam. Saflıq – məhəbbətin bolluğundan yaranmış bir sərvətdir. Külək şair kimidir – dənizlərin, meşələrin üzərində uçub öz səsini axtarır. Varlığım mənim üçün möcüzədir: həyat da elə budur ki, var! Sən, ey Gözəllik! Özünü güzgülərin riyakar parıltısında yox, məhəbbətdə axtar. İşıq saçdığı üçün alova minnətdar ol, amma daimi dözümlə kölgədə qalan çırağı da unutma! Ulduzlar əsla qorxmurlar ki, onları işıldayan böcəklərə bənzədən ola bilər. Ey Yer! Mən sənin sahilinə yad adam kimi gəldim; evində qonaq kimi yaşadım; səni dost kimi tərk edirəm. Yaxşılıq etmək istəyən adam bağlı qapıları döyər; sevən adamın isə üzünə bütün qapılar açıqdır. Ey qadın! Sən öz ev işlərinlə məşğul olanda, əl-ayaq səslərin xırdaca daşlar arasından axan dağ irmağının nəğməsi kimi xoşdur. Ey qadın! Sənin gülüşün dirilik bulağının musiqisidir.. Tam həqiqəti söyləmədikdə, açıq danışmaq asandır. Yarpaq sevdikdə çiçək olur, çiçək sevdikdə - meyvə. Gecə gizlincə çiçəkləri açır, təşəkkür qazanmağı isə gündüzün öhdəsinə buraxır. Hökmranlıq öz qurbanlarının əzabdan qıvrılmalarını naşükürlük sanır. İşıldayan böcək ulduzlara dedi: "Alimlər söyləyirlər ki, bir gün gələcək, siz sönəcəksiz". Ulduzlar heç bir cavab vermədi. Arx belə güman etməyi xoşlayır ki, çaylar yalnız ona su vermək üçün mövcuddur. Xeyir vermək üçün həddən çox düşünən adamın xeyir verməyə vaxtı olmaz. Ancaq məntiqdən ibarət olan ağıl, təkcə tiyədən ibarət bıçağa bənzər: götürənin əlini kəsib qanadar. Həqiqət nəhri şübhə arxlarından axıb keçir. ...Mən səni yuxulu bir körpənin səhər alaqaranlığında öz anasını görməsi kimi gördüm: körpə gülümsünər, yenə yuxuya gedər... Yalan nə qədər qüdrət sahibi olsa da, əsla həqiqət ola bilməz. İti, amma məhdud ağıl hər addımda irəli can atar, amma irəliləyə bilməz. İnsan öz sükutdan doğan fəryadını boğmaq üçün kütləyə qarışır. Ey gənc qız! Sənin sadəliyin gölün şəffaflığı kimidir, o sənin sədaqətinin dərinliyini göstərir. Duman qəlbdəki məhəbbətə bənzər; təpələrin arasında oynaşıb, onlarda gözlənilməz gözəlliklər yaradır. Bu dünya gözəlliyin musiqisi ilə ram edilən coşğun fırtınalar dünyasıdır. Ey dostum! Doğan günəş sənin böyük qəlbini şəfəq söküləndə tənha dağın qarlı zirvəsi kimi işıqlandırmışdır.
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.