Çaldı yenə qəlbimi bir gözəlin gözləri,
Tərk eləyir canımı ruhum - onun şəhpəri.
Gül dodağın gülməsi balmı qatar qaymağa,
Püstən utandırmada şərbət ilə şəkkəri.
Kirpiyini bir də çal, qǝşş eləsin qoy mələk,
Zülfünü at çiyninə, nalə qoparsın pəri.
Pozdu telin islamın rövnəqini, ey gözəl,
Sən var ikən yox lüzum biz qınayaq kafəri.
Ah, belə bir hüsn ilə çıxsan, inan, çöllərə,
Gün vurular hüsnünə, Ay da olar müştəri.
Ağlımı başdan edib açma o zəncirləri,
Çin-çin edib zülfünü saçma ətir-ənbəri.
Versə ləbin azca mey, nalə çəkər çəngü-ney,
Ruhum olar meypərəst, gözlər - onun sağəri.
Ah, o cǝmalınla sən, lütf cəlalınla sən,
Könlüm olar bəxtəvər, bir dəfə baxsan bəri.
Hicrin ilə xəstədir bəndə Nizamin sənin,
Əmrinə hazır durub, şad elə bir çakəri.