Seçimlərini özləri etmirlər, fani ömürlərini bir başqalarının fikirləri ilə yaşayırlar. Həyatlarını reklamlara ya mediyanın istiqamətləndirməsinə əsasən yaşayırlar. Nəhəng bir marketing cəmiyyəti formalaşır, media cəmiyyəti. Hər gün böyüyən canavar kimi. İnsanlara nəyi etmələri gərəkdiyini öyrədir, onlar da aldanır. Bu marka paltarı geyinib, bu brend maşını alsan, bu kollecdə oxuyub bu marka qol saatını taxsan, bu marka telefonu alsan daha da xoşbəxt olacaqsan deyə aldadırlar onları. Bu xoşbəxtlik deyil, illuziyadır, iqtisadi materializmdir. İnsanlar sahib olduqları aşyalara, maşınlara, evlərə görə status sahibi olur. Bir kasıb, bütün əmək gücünü sataraq əvəzində aldığı pulu verib ona reklamlarla sırıdılmış malları alır ehtiyacı olmasa belə, televiziyada, internetdə, mediyada gördüyü məşhurları təqlid edir. Ona bu öyrədilir, vəhşi istehlak cəmiyyətinin bir parçasına çevrilir. Etdikləri seçimlər onların yox, medianın onların əvəzinə verdiyi qərarlar olur!