dünən sənin telefonun öldü. ölən yalnız adamlar olmur ki... telefon nömrələri də ölür. ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. başqa rəqəmləri. hamısını unudacaqsan. bircə bu beş rəqəmdən savayı. bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri..
bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm.
indi bu nömrə yoxdur.yəni ki, var, amma mənimçün yoxdur. mənimçün bu nömrə indi yasaq ərazidir. barmağımın altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir məsafədir – kilometrdir, millər, parseqlər. mən bu məsafənin beşdə dördünü keçə bilərəm – dörd rəqəmi yığa bilərəm, amma heç vədə son rəqəmi – beşincini yığmayacağam. sənin nömrən bağlı qapıdır – açarını itirmişəm.
sən axı bilmirsən,
üzündən iraq
it kimi darıxmaq nə təhər olur..
sən axı bilmirsən,
sənin yoxluğun
hamıdan, hər şeydən
beş-betər olur.
sən axı bilmirsən,
əlim qurusun
sənə açmadığım zənglər zəhər olur..