Kinyas ve Kayra, mənə bəzi şeylər qatan, əsasən axıcı, bəzən sıxıldığım və hətta oxumağı 1 ildən də uzun müddətə yaydığım bir kitab oldu mənim üçün. Yazıçının "fərqli" deyə adlandıracağım, daha əvvəl qarşıma çıxmayan fikirləri məni həm təəccübləndirdi, ara-ara qəbullanmasam da, şüurumda yeni qapılar açdı. Ən çox Kinyas obrazını bəyəndim. Niyəsi isə, Kayranın həyatdan əlini üzüb, çabalamaqdan vaz keçib, öz sonuna məqsədli şəkildə irəliləməsinə baxmayaraq, Kinyasın həyat üçün, yaşamaq üçün, yenidən "normal" insan olmaq üçün çalışması idi. Çünki məncə həyat çalışdıqca, istədikcə yaşanıla biləcək bir yerdir. Kinyas obrazı mənim şəxsi olaraq nəticəsinə gəldiyim bu fikri, "İnsan istəsə edə bilməyəcəyi heç nə yoxdur(fövqəladə hallar istisna)." fikrini bir daha sübut etdi sanki. Dolayısıyla kitabın mənim üçün ən yadda qalan hissəsi də Kinyasın yenidən həyata dönməsi və bu uğurda etdikləri oldu. Kitabın son səhifəsini bitirib qapağını bağlayanda elə hiss etdim ki, sanki mən də Kinyas kimi uzun bir səyahəti bitirdim.