• 200 syf.
    ·3 günde·Puan vermedi
    Virciniya Vulfun ən çox diqqət çəkən romanı "Missis Dellouy" onun yaradıcılığından oxuduğum dördüncü kitab oldu. Niyə tez-tez bu yazıçıya müraciət edirəm? Çünki dünyanı dərk etməsində unikal qabiliyyətini mətnlərə özünə məxsus təsəvvürlərlə əks etdirməsini fərq etməmək mümkün deyil. "Orlando" romanının təsir gücü hələ keçməyib. Düşünürəm ki, Qabriel Qarsia Markes sevdiyi kitablar siyahısına həmin romanı boşuna qeyd etməmişdi.
    Virciniya özü də qeyd edirdi, "Mənim plan tutmağa vaxtım yoxdur. Bəlkə də "saatlar" və kəşfim haqqında; obrazlarımın ardınca gözəl yeraltı dəliklər açmağımdan çox danışmalıydım. Nəticədə mənə elə gəlir ki, elə nəyi axtarıramsa, o yaranır: insanlıq, yumor, dərinlik. Fikrimcə hər dəlik qalanlarıyla bağlıdır və indi işığa çıxırlar" (Virciniya Vulf. Gündəlikdən. 30 avqust 1923).
    "Missis Dellouy" romanı "Bond-Strit-də" hekayəsi ilə başlayıb. Həmin hekayə 1922-ci ildə tamamlanıb və 1923-cü ildə amerikan dərgisi "Klokfeys" də dərc olunub. Ancaq bitmiş hekayə Virciniya xanımı rahat buraxmayıb və o qərara alıb ki, hekayə romana çevrilsin.
    Beləliklə, modernist romanın məşhur müəlliflərindən olan Virciniya Vulf özünün şedevrini "Missis Dellouy" əsərini yaradır. Əsərini müəllimlərindən öyrəndiyi ("Şüur axını" termini Amerika filosofu Uilyam Ceymsə aiddir) "şüur axını" metodu ilə yazır.
    İnsan beyni eyni vaxtda birdən çox düşüncəylə məşğul ola, zehnində eyni vaxtda keçmişi və indini birləşdirə bilir. Eyni anda fərqli düşüncələri, fərqli zamanlara aid hadisələri ifadə etmək ehtiyacından şüur axını metodu yaranıb. Şüur axını insan zehnindən keçənləri ifadə etməsi ilə iç monoloq fəndini xatırladır, lakin şüur axınında iç monoloqda olduğu kimi zehindən keçənlərin ifadəsi məntiqli, səliqə-səhmanlı, qrammatik qaydalara uyğun ifadə edilmir. Bu fənddə bir-birilə əlaqəsi olmayan, qrammatik qaydalara tabe olmayan cümlələrdən istifadə edilir. Bunun səbəbi şüur axınında cümlələrin assosativliyə əsasən düzülməsidir. Obrazlı şəkildə ifadə etsək, Vulf Missis Dellouyun beyninin içinə mikrofon yerləşdirib və biz onun bütün düşündüklərini eşidirik.
    Ancaq bunu da qeyd etməliyəm ki, romanı yazmaq yazıçıya heç də ruh yüksəkliyi gətirməyib. Əksinə olduqca ağır depresiyyalar təkrarlamasıyla, özünün də dediyi kimi, bəzən yazmaqda sürətlənib, bəzənsə uzun müddətli heç nə yaza bilməməsinə qədər əzab çəkib: "Bu şeytani bir mübarizə idi. Plan hər dəfə əlimdən sürüşüb qaçırdı. Mətnə layiq olmaq üçün özümü tərs-üz çevirməliydim".
    https://www.ceylanmumoglu.com/...-vulf-missis-dellouy