Həm də hər an duyacaqsan, hamını sevsən də,
hamını ötmək istəyirsən, elə sevgidə də,
bil, sən tək deyilsən, hamı hamını ötmək istəyir,
hamını ötməkçün də
hər an, hər an özün özünü ötməlisən,
həm də hər an gərək duyasan,
özündən, öz gücündən daldasan.
Bəlkə sənə xoş gəlir hamıdan dalda qalmaq,
hamının başının arxasını,
keçəlini, kürəyini, kimin kimi ötməyini
ətəyini öpməyini görmək sənə daha xoş gəlir?!
Bu cür sən lap ən ucası hamının paxırını
açan,
Hamının paxılı ola bilərsən ancaq.
Heç kimin paxıllığını çəkmək istəmirsənsə,
durma, durma, hər gün ağlınla ağlını, getdiyin yolunla yolunu öt,
ötməsən, duyacaqsan hər an,
tək bu dünyadan yox,
hər iki dünyadan da daldasan.
Sən ancaq, ancaq hər iki dünyanı ötəndə duyacaqcan, hamıdan güclüsən, itisən, duyacaqsan, hətta duranda da hamını ötürsən,
hamı azdır, hər an zamanı da öt, dayandır, durdur,
min illər sonra da səni soruşacaqlar: Doğrudanmı, zamanı, dünyanı ötən, dayandıran o dəli hələ də durur?!