Yusuf Atılganın "Aylak adam"dan sonra oxuduğum ikinci əsəri oldu "Canistan". Haqqında yazılmış bir neçə incələmələr oxusam da, anlaya bilmədim ki, insanlar necə bu qədər bəyənib bu əsəri və tamamlanmamış bir roman olaraq görməyib. Yazıçının dörd hissə olaraq yazmağı düşündüyü, amma üçüncü hissədən sonra vəfat etdiyi məlumdur. Və məncə həqiqətən də tamamlanmamış olması çox aşkar görünür. Bəlkə də, Yusuf Atılgan sağ olsaydı, bu əsərin bu şəkildə nəşr olunmasını istəməzdi. Əlavə edəcəyi və ya bəyənməyib çıxaracağı bir çox hissələr olardı bəlkə də. Və əsərin tamamlanmamış olmasının sübutu məhz konkret bir sonluğu olmamasına görə yox, çatdırmaq istənilən fikrin, əsərdə qalan bir çox boşluqların doldurulmamış olmasına görədir. Ümumilikdə isə, demək olar ki, heç bir təsirli cümlənin olmaması, ancaq hadisələr ardıcıllığının təsvir olunmuş olması mənə sönük bir təsir bağışladı.