Meşəyə Yeni il gəlib, bütün heyvanlar bayram ab-havasına bürünüb. Sevincləri aşıb-daşır, bir-birilərinə hədiyyələr hazırlayır, “Mötəbər Eşşək” tamaşasını dörd gözlə gözləyirlər.
Amma Dovşan…
Dikbaş, inadkar, küskün, heç kəslə deyib-gülməyən, ancaq ürəyinin dərinliyində gizli bir saflıq olan Dovşan şənliyə qatılmaq istəmir.
Dovşanın dostu Ayıdan da bir xəbər yoxdur. Hamı nigarandır. Görəsən, onu Yeni il şənliyinə kim çağıracaq? Əlbəttə ki, Dovşan! O, qar-borana baxmır, “Dost dar gündə tanınar” deyib yola düşür.
Bu, yeni bir qış nağılının başlanğıcıdır. Bu nağıl “Ayı nə üçün qış yuxusuna getmədi?”, “Arılar nə üçün Eşşəyi çaldı?”, “Tülkü nə üçün bütün gecəni yatmadı?”, “Mastı və Fil”, “Qorxulu meşəyə kim getdi?”, “Dovşanın gündəliyini kim götürdü?”, “Ayı meşədən küsüb, yox meşənin xəbəri” kimi əhvalatlardan ibarət olacaq.