Bu kitabın mənim üçün yeri çox başqadır. O qədər əzizdir ki, 3 dəfə təkrar oxumuşam və hətta yenə oxumağı düşünürəm. Bu kitabdakı qəhrəmanımız kölgələrlə danışa bilən bir gəncdir və onun həyat hekayəsini dinləyirik.
Mən belə bir məna çıxarıram bu kitabdan. Bir insan ilə bir bağ qura bilmək üçün, sağlam münasibət yaşaya bilmək üçün, onun xəyallarını, qorxularını, arzularını bilmək üçün, onu anlaya bilmək üçün qaranlıq tərəflərini yəni kölgələrini də dinləmək lazımdır, bilmək lazımdır. Bizim kölgələrlə danışa bilmək kimi bir xüsusiyyətimiz yoxdur. Biz bunu necə edə bilərik bəs? Düzgün kommunikasiya quraraq, qarşı tərəfi dinləyərək, söz demək üçün sıramızı gözləmək yerinə onu həqiqətən dinləyib anlamağa çalışaraq.
Və təbii ki həmin insanla zaman keçirərək. Küçük Prens əsərində də deyildiyi kimi, bizim gülümüzü özəl edən ona sərf etdiyimiz zaman və verdiyimiz əməkdir. Bir insan ilə həqiqi bir münasibət yaşamaq üçün ona zaman ayırmaq və bu münasibətə əmək vermək lazımdır.
İnsan tək ola bilər amma tənha hiss etmək çox başqadır. Və bəlkə də ən acı şeylərdən biri də insanın ətrafında onu tənha hiss etdirən insanların olmağıdır. Oysa ki insanı ən xoşbəxt edən şey də yanında onu dinləyən və anlayan birinin olmağıdır.