Stefan Zveig - Mariya Antuanet
Avstriyalı yazarın bir vaxtlar Avstriya şahzadəsi, sonra Fransa kraliçası olan Mariya Antuanet haqqında yazdığı bioqrafik əsərdir. Stefan bu kitabda Mariya Antuaneti bir şahzadə, bir kraliça olmaqla yanaşı adi, sıradan bir qadın olaraq təqdim edir. Bu qadının daha aydın təsviri üçün türk dilindəki "vasat" sözünü istifadə eləmək lazımdır. Məhz bu sözün istifadəsindən sonra yazarın nə demək istədiyi kitabda nəyi göstərmək istədiyi ortaya çıxır.
Kitab Mariya Antuanetin şahzadəlik dövründən başlayır , sonra Avstriya imparotriçası Mariya Terezanın kiçik qızının necə və hansı məqsədlərlə Fransa vəliəhdi, gələcək kral XVI Lüdoviq ilə evlənməsini, evlilik dövrünü, kraliçanın dəbdəbəli həyatını, Rokoko dövrünə yaraşacaq həyat tərzini, Fransada böyüməkdə olan etirazları, bu etirazların necə inqilaba çevrilməsini, inqilabın krallıq rejimini dağıtmasını, gilyotinə gedən yolda Kraliçanın mənəvi , daxili inkişafını, kraliçanın böyük və tək eşqini, sonrakı peşmançılıqların fayda vermədiyini, inqilabın təzadlarını, daxili çürüklərini olduqca oxunaqlı dillə bizə göstərir. Bu kitabla biz qəddar, amansız, Fransanın məhvini gətirən, aclıqdan ölən kəndlilərə "çörək tapmırlarsa tort yesin" deyəcək amansızlıqsa bir kraliça ilə rastlaşmırıq, az qalsın bu kraliçanın qurbana çevrilməsini, adi keyfiyyətdə birindən necə kabus obrazı yaratdıqlarını görürük.