“Bir mən vardır məndə məndən içəri...” Maskalı bir kimsədir
bu, yoxsa olduğu kimi görünməyi bacarmayan qeyrisəmimi bir adam? Bəlkə saxtakarlıq, bəlkə intellektual blef? Ancaq hər bir halda “məndən içəridə mən”, yəni “gizli mən” maskanın mövcudluğunu eyhamlaşdırır. Yunus İmrənin maskaları və “mən”i. Cəlaləddin Ruminin maskasızlaşmaq ehtirası və öz “mən”iylə harmoniyada bulunmaq xoşbəxtliyi. Sufi Yunus İmrənin bu misralarını neçə-neçə azəri yazarı bəh-bəhlə, fərqinə varmadan öz məqaləsinə, şeirinə, hekayəsinə epiqraf götürüb. Qoy min birincisi də mən olum. Çünki məqamıdır, yeridir. Bir də ki “mən”siz nə maska? Maska içində isə “mən” həmişə mütləq.