2003-cü ildə işıq üzü görmüş “Royal arxasında” romanı oxucu və tənqidçilərin böyük rəğbətini qazanıb. Əsərin baş qəhrəmanı, istedadlı pianoçu özünü büsbütün musiqiyə həsr edir və məşhurlaşır. Bir gün öz uğurlarının köləsinə çevrildiyini anlasa da, artıq nəyisə dəyişmək əlində deyil. Elə bu aralarda faciəli şəkildə həlak olur. Ölümdən sonra onunçün yeni, qəribə həyat başlanır. Eşnozun romanındakı yeraltı dünya nə qədim yunan Aidinə, nə də Dantenin cənnət-cəhənnəminə bənzəyir. Qəhrəmanı acı tale gözləyir: bundan belə o, yenə də mövcudluğunu davam etdirir, lakin nə əvvəlki peşəsi ilə məşğul ola, nə də bundan əvvəl, haçansa sevdiklərini sevə bilər…