Öz səsi, öz nəfəsi ilə "60-cı illər Azərbaycan nəsri"nin təşəkkülündə bilavasitə iştirak edən yazıçı Əkrəm Əylislinin əsərləri mənəvi-əxlaqi axtarışlar və lirik-psixoloji təhlilər ədəbiyyatının uğurlarının ifadəsi olan bədii söz abidələri sırasındadır. Onun əsərlərində həyat var, insan var, talelər var. Bizim bədii-obrazlı fikrin tarixində artıq klassik peyzajlar sırasına daxil olmuş Buzbulaq həmin əsərlərdəki hadisələrin cərəyan etdiyi konkret bir kənddir. Əkrəm Əylislinin "həyat şirəsi ilə dolu olan dəqiq və realist nəsri" çay kimi sakit, təmkinlə bir əsərdən o birinə axaraq, süjet sahilləri olmayan özünəməxsus bir məkan yaradır. Bu kitabda görkəmli nasirin seçilmiş povest və hekayələri toplanmışdır.