"- Sonra,- Vinsent ata yumruğunu boşaltdı. Xaçın aşağı hissəsi iti tiyəli bıçaq kimi idi.- Sonra siz bunu onun çürük ürəyinə sancmalısınız. Tərəddüd etmədən, əks təqdirdə arvadınızla birliklə məhv olacaqsınız,- rahib-psixiatr Kevinə tərəf əyildi.- Onunla birlikdə əbədi olaraq əzab çəkməyə məhkum ediləcəksiniz.
Kevinin az qala nəfəsi kəsiləcəkdi. İti tiyəli xaçı Vinsent atanın əlindən alanda onun ürəyi dəlicəsinə döyünürdü. Xaçın üstündə çarmıxa çəkilmiş İsanın üzü həmişəki kimi mərhəmətli deyildi. Bu daha çox bir əsgərin- Allahın döyüşçüsünün sifəti idi. Kevin xaçın kifayət qədər ağır, tiyəsinin isə ülgüc kimi olduğunu hiss etdi.
- Bu onun ürəyinə sancılanda işi bitəcək.
- Bəs bizim başımıza nə gələcək... Arvadımın axırı nə olacaq? Hələ uşağı demirəm..."