Axşamınız xeyirli olsun, mütaliəçilər.
Necə bir giriş edəcəyimi bilmirəm, amma kitabı çox bəyəndiyimi deməklə başlayım. Oxumağı yadırğadığım, demək olar ki, heç bir kitabın məni bütünlüklə cəlb edə bilmədiyi bir ruh halında ikən, bu kitab məni oyatdı, özümə gətirdi. İçimdəki Peçorini kəşf etdirdi.
Kimdir bu Peçorin? Çoxlarına görə anti-qəhrəman Peçorin. Kitabın sonunda haqqında heç də müsbət şeylərin yazılmadığı Peçorin. Bəs niyə?
Həyatı vecinə almayan, sevgi münasibətlərinə rişxəndlə baxan, duyğulardan bixəbər, zövq üçün pislik edən biri adlandırılır.
Məncə, Lermontov müsbət və ya mənfi bir obraz yaratmayıb. Əksinə, mənim üçün dürüst bir obraz idi Peçorin. Ətrafdakı hamı kimi olmayan, iç dünyalarını gördükdən sonra insanlardan uzaqlaşan biri idi o. Düşünürəm ki, bu kitab bizə içimizdəki Peçorini tanışdırır. Cəmiyyətdən uzaqlaşan, duyğulardan "məhrum"... Bəlkə də, buna görə narahat edir bizi Peçorin.
Əsər bir zamanlar Peçorinin dostu olan Maksim Maksimıçın xatirələri ilə başlayır. Sonradan 'Peçorinin məktubları' adlı hissələrdə isə yazıçı bizi əsas qəhrəmanla baş-başa qoyur. Oxuyun, tanıyın Peçorini, duyğusuz deyin ona, mərhəmətsiz deyin, istər sevin, istər danlayın Peçorini, amma başa düşün Peçorini.
Tövsiyə üçün təşəkkürlər, təşəkkürlər