Dərdin ortasında tər tökən yetim,
Mən sevincin bucağıyam, bucağı.
Doğmaların hər halına yanan mən
Bu dünyanın ocağıyam, ocağı.
Mən yandıqca gözlər çıxdı tüstümə,
Doğmalarım qızınırdı istimə.
Heç kim "can"la yüyürmədi üstümə,
Öz dərdimin dayağıyam, dayağı.
Mən öləndə gəlmisənmi,ay adam?
Öz qəmimə təzə deyil,boyatam.
Nə qohumam,nə qonşuyam,nə yadam,
Mən hamının uzağıyam, uzağı.
Dərd dağımı bürüyübdür çən,duman,
Dost-tanışdan nə küsənəm,nə uman.
Bu gün keçib,sabaha da nagüman,
Mən dünyanın qonağıyam, qonağı.
Nadir,daha bağça olsa hər yanın,
Dərdi tapıb cavan yaşda sağ canın.
Həsrətinə canı yanan, dünyanın
Ən dözümlü uşağıyam, uşağı.
© Nadir Məmməd