"Ala gözlü, sərv boylu dilbərim,
Həsrətin çəkdiyim canan, bəri bax!
Gecə-gündüz fikrim-zikrim, əzbərim,
Üzüldü taqətim, aman, bəri bax!
Kim dözər mənim tək belə firqətə,
Rəncü məşəqqətə, bari-möhnətə,
Haçandır düşmüşəm tari-zülmətə,
Çəkilsin üstümdən duman, bəri bax!
Payibəndəm, qəmi-eşqə giriftar,
Hicran atəşindən can oldu bimar,
Razi-dilim edə bilməm aşikar,
Çəkərəm dərdini pünhan, bəri bax!
Günbəgün könlümün artır qubarı,
Pərişandır, tapmaz o qəmküsarı,
Ölsün, itkin olsun belə əğyarı,
Gəzməsin arada yaman, bəri bax!
Çox çəkir hicrini Vaqifi-xəstə,
Leylü nahar, şamü səhər peyvəstə,
Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax!"