Mən özümlə yaşamağa və ətrafda baş verən hər şeyə marağımı itirdiyimi qəbul etməyə öyrəşmişdim. Belə ki, uşaqlığın sonuyla parlaq rənglərin itməsini və kişiliklə bərabər ruhun azadlığa qovuşması üçün bu parlaqlıqdan əl çəkməyin labüd olduğunu zənn edirdim. İndisə dərin heyrət içində anlayırdım ki, bu rəngləri, sadəcə, toz basıbmış və uşaqlığından əl çəkib azadlığını tapan dünya işığını hiss edə və ona həyəcanlı uşaq gözləriylə baxa da bilərəm.
Hər kəs nə vaxtsa onu atasından, müəllimlərindən ayıracaq addımı atmağa məhkumdur, hər kəs tənhalığın sərtliyindən dadmalıdır, hərçənd çoxları onun öhdəsindən gələ bilmir və tezliklə kiminsə çiyinləri arxasında gizlənir...
Bizim gördüyümüz şeylər elə özümüzdə olanlardır. İçimizdə daşıdığımız reallıqdan özgəsi yoxdur. İnsanların çoxu ona görə qeyri-real şeylərlə yaşayırlar ki, xarici təsvirləri reallıq kimi qəbul edirlər, daxili dünyalarını qımıldanmağa belə qoymurlar. Özü də bu zaman xoşbəxt olurlar.