Sən bir rəssamın çəkə biləcəyi ən gözəl tablosan, rənglərinlə ovsunlayırsan aləmi. Sən bir şeirsən hansı ki, hər sətirində gözəlliyini ifadə edib, sən əslində bir gülsən hansı ki,mükəmməlliyin hər zərrəsi ilə dalıb o gülün qoxusuna..
"Şeir qız"
Sənə şeir yazmaq fikrinə düşsəm,
Gərək elə yazım, şah əsər olsun.
Qafiyə xətrinə heç nə yazmayım,
Yazdığım şeir də sən qədər olsun.
Sənə şeir yazmaq fikrinə düşsəm,
Deyim, xatırlatsın göz yaşım səni.
Mən axı heç kimlə paylaşmamışam,
Durum, misralarla paylaşım səni?
Sənə şeir yazmaq fikrinə düşsəm,
Qoyma, gözlərində ilişib qalım.
Qoyma, kirpiklərin kölgəsi altda
Özümə ömürlük, rahat yer salım.
Daha ağlamırsan, üzün də gülmür,
Quruyub gözünün yaşı, deyilmi?
Mənim gözlərində nə işim var ki,
Yerim ürəyinin başı deyilmi?
Sənə şeir yazmaq fikrinə düşsəm,
Elə fikir kimi qalacaq mənə.
Deyirsən, şeir yaz, yaza bilmirəm,
Sən özün şeirsən, nə yazım sənə?
Sənin təsvirinçün sözlər yetərsiz,
Bütün misralara sevgin rəng qatır.
- Mənim sevdiyimin saçları əsmər.
- Mənim sevdiyimin yanağı batır.
İndi uzaqlardan yazıram sənə:
- Səninçün darıxdım, səni özlədim.
Bütün varlığımla sevdiyim qadın,
Yenə gülümsəyir gözəl gözlərin?
Bir anlıq baxışın bəs edir mənə,
Gözlərin ruhumun Yer çəkimidir.
Gəl yığ ürəyimin parçalarını,
Qəlbim dağıdılmış pazzl kimidir.