Hər birimizin içində kiçik bir diktator yaşayır. Balaca, yekəbığ, xudbin, böyük komplekslərə malik olan diktator... Əslində bizim hər birimiz dünyada tayı-bərabəri olmayan tiranlarıq. Hamımız öz mikro Romalarımızda yanğın törədə biləcək Neronlarıq. Biz inkvizisiya elan etməyə hazırıq, insanı hətta sözünü deməyə imkan vermədən öldürməyə hazırıq.
Mən dünyanı gəzib qarşıma çıxan hər şeyin şəklini çəkmək istəmirəm. Mən öz "Instagram"ım deyiləm, mən qəlbəm, düşüncəyəm. Mən gördüklərimin şəklini çəkmək istəmirəm, onları yadda saxlamaq istəyirəm. Başqaları ilə bölüşmək yox, içimdə gizlətmək istəyirəm.
Bizi əhatə edən hər şey yalan ola bilər. Bəşər tarixi iki tanış olmayan insanın bir-birinə danışdığı, üçüncüsünün isə qələmə aldığı yalanlardan ibarətdir.