Hər kəsin beynində badam formasında olan və amiqdala adlanan bölgə beynin emosional mərkəzi hesab olunur. Belə ki, emosional hafizəmiz və hadisələrə verməli olduğumuz reaksiyalarımız beyinin bu hissəsində formalaşır. Amiqdalanın inkişaf etməməsiylə yaranan - aleksitimiya (emosional korluq) problemi olan uşağın həyatından bəhs edən romana müəllifin badam adı verməsinin səbəbi də budur:
"İçimdə badam var. Səndə də var. Sevdiklərimizdə, nifrət etdiklərimizdə də var. Lakin heç kəs onu hiss etmir. Sadəcə, hər kəs bilir ki, badam var"
Yuncenin hissiyatsız olaraq başladığı həyatında duyğular nənəsi və anasının səyləri ilə hiss edilərək deyil, ev tapşırığı kimi əzbərlədilərək öyrədilib. Lakin bir müddətdən sonra Yuncenin həyatında baş verən faciə onu tək qoyur və o nəinki bu faciəyə, eləcə də bundan sonrakı qarşılaşdığı bütün mənfi hadisələrə də emosional olaraq cavab vermək iqtidarında olmadığından insanlar onda problem olduğunu anlayır. Beləcə yeniyetmə Yuncenin həyatına daxil olan yeni insanlar ona həm hiss etməyi öyrədir, həm də onun hissiyatsızlığının müqabilində öz hisslərini müşahidə edərək öyrənir.
Müəllif hisslərin insan həyatındakı əhəmiyyətini və hər insanın pis və yaxşı tərəfləri arasındakı incə cizgini olduqca sadə şəkildə oxucuya çatdırır. Bu roman daha mürəkkəb və detallı işlənərək yazıla bilərdimi? Bəli. Amma gərək varmı? Məncə, xeyr. Uşaq vaxtı oxuduğumuz bəsit nağıllardan çıxardığımız dərslər misalı bu cür romanlar da insanları düşünməyə sövq edir və oxumanı zövqlü edir.