Bu kitabı oxuduğum müddət ərzində mənə verilən ancaq bir sual var idi: Niyə hələ də oxuyub bitirməmisən? Yeganə kitab idi ki, onu oxumağım nə az nə çox 4 ay çəkdi və şəxsi inkişaf kitablarına marağım olmasa da oxuduqca sıxılmadım. Səbəbi isə hər səhifəsində öyrəndiyim hər bir məlumatı nöqtə-vergülünə kimi insanlar üzərində müşahidə edərək praktika edib öyrənməyə çalışmağım idi. Kitabda sevdiyim məqam digər şəxsi inkişaf kitabları kimi yersiz təkrarlara yol verilməməsidir. Bundan əlavə, kitabda izah edilən hər jest və mimika şəkillərlə oxucunun beyninə tam aydın şəkildə, daha dərindən yeridilir. Kitabdan çıxardığım nəticə odur ki, nə qədər istəyirsiz o qədər işinizin peşəkarı, mütəxəssisi olun, amma yenə uğura gedən yolun 60 faizi bədən dilindən keçir. Fikrimcə, kitabı bir dəfə oxumaq bəs etmir, növbəti aylarda yenidən oxumağı düşünürəm.