Daha nə gizlədim?
Məni gözləyənlər bağışlasınlar,
Onları gözlədib, səni gözlədim.
Əlimi üzmədim,
Kimi gözlədimsə harada, nə vaxt,
Həm onu, həm də ki səni gözlədim.
Yoruldum, bezmədim,
Uzaq bir şəhərdə bilmirəm niyə,
Dayanıb küçədə səni gözlədim.
Çağırsaydın, qaranəfəs gələrdim,
Ayaqlarım pişik kimi büzüşmüş.
Sağ olsaydı anam,
elə bilərdim,
isti əli saçlarımda gəzişmiş.
Yuxum gəlir...
Qış da gəldi, bəs hanı qış yuxusu,
Nə deyirlər xeyirimdən-şərimdən?!
İndi mənim yuxum da quş yuxusu,
Bir çırtma çal, dik atılım yerimdən.
Yuxum gəlir...
Çöldə şaxta, özü də ki, nə şaxta,
Üşütməm var, yorğan ayaz qoxulu.
Sən yatarsan,
Sən qalmazsan bu vaxta,
düşünürəm səni...
Yuxum gəlir...
Qoru yaddaşını, qoru əzizim,
Sən mənim sevgimi yadında saxla.
Viranə könlümü, sınıq könlümü,
Uçuq bir ev kimi yadında saxla.
Qoy qıvrım saçını yel dağıdınca,
Barmağım darayan yatımda qalsın.
Fikirli baxışım, fikirli üzüm,
Qəmli şəkil kimi yadında qalsın.
Məni bircə anlıq ansan, bəsimdir,
Ona ki vaxt, imkan çatışdırarsan.
Yadından çıxmasın mənim bu sevgim,
Başqa sevgilərlə tutuşdurarsan.
Təzə bənzətmə tap mənim sevgimə,
Altı cəhət kimi saxla yadında.
Yanmağı, itməyi səni yandıran,
Vacib sənəd kimi saxla yadında.
Mənim xatirəmi gizlət hamıdan,
Lap göyün yeddinci qatında saxla.
Yadında qalanı vergüllərindən
Nöqtələrinəcən yadında saxla...🍃