Ayqu bir xeyli düşünüb dedi:
- Danışan heyvanları görüb hərəsi bir tərəfə qaçar. Həm deyirlər ki, böyük şəhərlərdə böyük qəfəslər var. Heyvanları orada saxlayırlar.
Qarğa Ra çox məyus oldu.
- Axı niyə?
Ayqu dedi:
- Bizi balaca insanlara göstərmək üçün. O şəhərlərdə binalar ağaclardan çoxdur.
Yumaq heyrətlə soruşdu.
- Bina nədir ki?
Ayüu dərindən nəfəs alıb davam etdi.
- Xüsusi qutulardır. İnsanlar orada yaşayırlar, onlara "ev" deyirlər.
Ağzı açıq qalan, gözləri bərələn Yumaq
- Özləri qutuda yaşayır, bizi də qəfəsdə saxlayırlar? İnsanlardan qorxuram, - deyib yumalandı və iynələrini qabartdı.
- Ehtiyatlı ol, üstünə çay dağılmasın. Özüm bu kitabı sonuncu dəfə nə vaxt oxumuşam, yadıma gəlmir. Mənə babam və nənəm oxuyardılar. Böyüyəndə onlarsız bircə dəfə oxudum, onda da bitirə bilmədim. Kədərlənib örtdüm.
-Təzə də bir gün köhnələcək. Bütün dəyərli əşyaları, yaxşı münasibətləri, dostluq əlaqələrini qorumaq lazımdır.
Ra soruşdu:
- Niyə?
- Ona görə ki köhnəldikcə xatirələrlə zənginləşir, dəyərli və əziz olurlar.