Sənsiz dağ döşünə çıxdım bu səhər,
Ötdü qumru kimi gur şəlalələr.
De, niyə yalqızsan, sordu lalələr,
Qövr etdi niskilim, yadıma düşdün,
Nazəndə sevgilim, yadıma düşdün.
Bulud göydən lal keçər,
Başdan min xəyal keçər.
Hicran yaxın gələndə
Könüldən vüsal keçər.
Ülkər gözlü şux nigar,
Sənə bircə sözüm var;
- Göydən ulduz axanda,
Alışaydım yaxanda.
Ömür axar bir sudur,
Sevgi şirin duyğudur.
İnsanları yaşadan
Saf əməl, saf arzudur.
Sonsuz fəzalara şahin şığıdı,
Gördü ki, yer ondan çox aşağıdı.
Dolandı neçə yol ərzin belinə,
Ülkər sağ əlini çəkdi telinə.
O duydu, ulduzlu göylərdə də tək,
Yalqızlıq içində sıxılır ürək.
Səhər bir "şahin"də qalxdı yanına,
Xəfif bir istilik keçdi canına.
Düz üç gün, üç gecə beləcə onlar,
Dünyanın başına bir dolandılar.
İnsan nəfəsinin gücünə bir bax,
Göydə də insanı insan isidir...