17 iyul 1958-ci ildə doğulub. 1975-ci ildə Göyçay şəhər 1 saylı orta ümumtəhsil məktəbini; 1985-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini; 1987-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1976-1978-ci illərdə hərbi xidmətdə olub. 1979-1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında, «Türkologiya» elmi-kütləvi dərgisində işləyib.
1989-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının
«Elm» və «Tarix» qəzetlərində; Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetində; həmçinin «ABS» və «Cümə» müstəqil nəşrlərində çalışıb. 1994-1996-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində «Yol» ədəbi qəzetinin və ingiliscə çıxan «WEEK-END» həftəliyinin redaktoru olub, həmçinin Mərkəzin nəşriyyat
redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 1996-1999-cu illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 1999-2014-cü illərdə «Antinarkotizm» Beynəlxalq elmi-analitik Mərkəzin direktoru, eyni zamanda «Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti» ictimai birliyinin sədri vəzifələrini icra edib. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dil üzrə mütəxəssisidir. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ailəlidir; iki övladı var.