Əmir Mustafayev

Əmir MustafayevSevirsə Qayıdacaq yazarı
Yazar
0.0/10
0 Kişi
0
Okunma
0
Beğeni
292
Görüntülenme

Hakkında

Əmir Gülbala oğlu Mustafayev 1936-cı il martın 12-də Azərbaycanın şimal bölgəsi olan səfalı Qusar rayonunun qədim Xuluq kəndində dünyaya göz açmışdı. Qusar şəhərindəki Maksim Qorki adına 4 saylı beynəlmiləl orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş, ADU-nun filologiya fakültəsinə daxil olmuşdur. Qeyd etdiyimiz kimi, Əmir Mustafayev ədəbiyyat, sənət və jurnalistika aləminə ötən əsrin 50-ci illərində, jurnalistikanın gündən-günə şöhrətləndiyi bir zamanda qədəm qoymuşdu. Fəal ictimaiyyətçi idi. Universiteti bitirdikdən sonra Moskva Mərkəzi Komsomol Məktəbində, bundan sonra isə Bakı Ali Partiya Məktəbində təhsil alsa da, ədəbi fəaliyyətini davam etdirmək, qələmindən ayrılmamaq məqsədilə respublikanın bir sıra mətbuat orqanlarında çalışmışdır. Əmir Mustafayev universitetin ikinci kursunda oxuyarkən “Azərbaycan gəncləri” qəzetində dərc edilən “O gəldi” adlı ilk hekayəsi ədəbi aləmdə böyük rezonans yaratmışdı. Bundan sonra tələbə-yazıçının ölkənin nüfuzlu mətbu orqanlarında işıq üzü görən “Xəcalətli baxışlar”, “Qonşu”, “Sonuncu kürsü” və başqa hekayələri də oxucular tərəfindən rəğbətlə qarşılandı, ustad yazıçıların diqqətini çəkdi. Həmin vaxtdan etibarən Ə.Mustafayev həm də Əmir Qaraçəmənli imzası ilə hekayə, oçerk və publisistik yazıları ilə dövri mətbuatda çıxış etmişdir. Amma onu ədəbi aləmdə daha çox tanıdan 1957-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap olunan “Zolaqlı çamadan” hekayəsi olmuşdur. O zaman belə yaradıcı tələbələr onun oxuduğu fakültədə tək deyildi. Əmir Mustafayevin 1953-1958-ci illər universitetin filologiya fakültəsində təhsil aldığı qrup Azərbaycan ədəbiyyatına və elminə Əmir Müstafayevlə yanaşı, Yaşar Qarayev, Arif Səfiyev, Şamil Salmanov, Ağacavad Əlizadə, Cəfər Cəfərov, Tofiq Hacıyev, Hüseyn Kürdoğlu, İbrahim Göyçaylı kimi tanınmış simalar bəxş etmişdir. Bir dəfə hörmətli yazıçımızın yaradıcılığı ilə əlaqədar mətbuata material hazırlayanda “Ədəbiyyata gəlişinizi necə xatırlayırsınız?” sualımı belə cavablandırdı: “Ədəbiyyata gəlişim orta məktəb illərində Səməd Vurğunu görməyimlə və onun əsərlərinə olan məhəbbətimlə bağlıdır. Yaradıcılığa şeirlə başlamışam, təkəmseyrək də çap olunmuşam. O zaman mən yaşda olan cavanların poetik nəfəsi ilə, bədii ilhamı ilə indi özümü müqayisə eləyəndə başa düşürəm ki, niyə şair ola bilmədim” (“Bərəkət” qəzeti, 5 sentyabr 1991-ci il). Əmir Mustafayev ilk əsərlərindən sonuncularınadək yaradıcılığının sətiraltı ana xəttini, ideya mənasını ictimai-siyasi hadisələrin fonunda Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və bu bütövlüyün önündə kəndlinin öz torpağına sahiblik arzusu durur. Rejimin ciddi vaxtlarında bəzən ədəbiyyatşünas-tənqidçilərin ehtiyatla yanaşdığı bu problem barədə respublika yazıçılarının VIII qurultayında Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri İsmayıl Şıxlı “Ədəbiyyatımızın vəziyyəti və vəzifələri” adlı məruzəsində Əmir Mustafayevin yaradıcılığındakı keyfiyyətləri dəyərləndirərək deyirdi “... geniş söhbətə səbəb olacaq hekayələrimiz yoxdurmu? Nə üçün Əmir Mustafayevin “Gecə zəngi” hekayəsi sükutla qarşılandı? Nə üçün bu hekayənin ictimai, psixoloji mahiyyəti, bədii keyfiyyəti açılıb göstərilmədi? Bu əsərdə kəndin bir neçə problemi qoyulmuşdur. Gənclər kənddən şəhərə qaçır, torpaqdan ayrı düşür. Kəndlər boşalır, rayon təşkilat rəhbərləri kənddə qalmaq, evlənib ev sahibi olub binələnmək istəyən cavanlara bir qarış yer vermirlər. Çünki torpaqdan düzgün istifadə etmirlər, artıq yerlər əkilib, kəndliyə ev tikmək üçün torpaq tapılmır. Hekayənin ikinci maraqlı cəhəti də odur ki, rayon rəhbərləri hər şeyi ələ almaq istəyirlər. Mərkəzdən gələn yoldaş kəndlinin verdiyi məktubun dərdini ürəyinə salır və az qalır ürəyi partlasın. Arxasınca “təcili yardım” gəlir...” Sovet quruluşunun digər eybəcərlikləri, ədalətsizliyi və azərbaycanlıların soyqırımına yönəldilmiş siyasəti yazıçının bir sıra hekayələrində böyük ustalıqla oxuculara çatdırılır. Müəllifin “Qurd ürəyi” kitabında eyni adlı roman, povest və hekayələr cəmləşib. Bu hekayələrdə 1937-ci ilin qanlı-qadalı repressiya qurbanlarından, qanunsuzluqlar, ədalətsizliklər hesabına qan dənizində boğulan insanların yurd sevgisi və acı taleyindən bəhs edilir. Yazıçı boya-başa çatdığı Xuluq kəndindən Qazaxıstan çöllərinə sürgün edilən bir ailənin simvolunda bir xalqın taleyini açıqlayır. Türkiyədə təhsil görmüş ziyalılarımızdan olan Xuluq kəndinin qazısı Əbdülməcid Əfəndi sən demə, 1913-cü ildə kənd məktəbində müəllim işləyən şair Əhməd Cavadın dostu olub. Qazının zəngin kitabxanası var idi. Dişi qana batmış NKVD-çilər Əbdülməcid Əfəndini həbs edərkən ərəb, türk alimlərinin evdə tapılan kitablarını onun özünə kisələrə doldurtdurub belinə şəlləyirlər. Yaşlı Əbdülməcid Əfəndi kitab dolu kisə belində, payi-piyada milis atlılarının qabağında kənddən birbaşa rayon mərkəzinə - NKVD-yə aparılır və dindirilir. Mülkü, kənd uşaqlarının təhsil alması üçün tikdirdiyi üçsinifli məktəbi müsadirə edirlər. Bu zaman onun təmiz adam olduğunu söyləməyə cəhd göstərən Gülbala özünü həbsdən zorla qurtara bilir. Sonra da Qazaxıstan zülmləri başlanır... Yazacağımız materialla əlaqədar Əmir Mustafayevin arxivini araşdırarkən onun yazıçı peşəkarlığını, dilinin sadəliyini və üslubunu yüksək dəyərləndirən xeyli oxucu məktubu ilə tanış olduq. Onlardan ikisinin qısa məzmunu ilə sizləri də tanış edirik. Birinci məktubu Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dəstə kəndindən mərhum yazıçımız Cəfər Bağır yazıb. “Salam Əmir müəllim! Ötən həftə “Ədəbiyyat və incəsənət” qəzetində “Çörək ətirli çöllər” oçerkini oxudum. Fərəhləndim. Nə zəngin, nə səlis dilin var, nə gözəl yazıçı tərzin var, təsvirlərində nə qədər kamillik duyulur”. İkinci məktub isə Şahbuz rayonunun sakini Q. Rüstəmov adlı oxucudandır. Məktəbli dəftərinə yazılmış dörd səhifəlik məktubdan bir neçə sətir: “Hörmətli Əmir müəllim, “İbrət”dəki mövzu aktuallığı, konkretlik, məna bitkinliyi, şeiriyyət ətri, deyərdim ki, mənə böyük bir kitab təsiri bağışladı...” Deyək ki, Əmir müəllimin arxivində Mingəçevirdən, Zaqataladan, Qaxdan, Bərdədən, Tovuzdan, Ağdamdan, Gürcüstandan, Xaçmazdan və Tərtərdən oxucu sevgisi ilə yazılmış belə məktublar çoxluq təşkil edir. Əmir Mustafayevin ədəbi-bədii yaradıcılığı qədər zəngin və mənalı olan həm də onun jurnalistlik fəaliyyətidir. Əli qələm tutandan, xüsusən də tələbəlik illərindən gecələr yazıçılıqla, gündüzlər jurnalistliklə məşğul olub. Əmir müəllimin əsərləri və özü haqqında yazılan məqalə və məktublarda qeyd olunduğu kimi, o, çox zəhmətkeş və məsuliyyətli jurnalist-yazar olub. 1957-ci ildə universitetin dördüncü kursunda oxuyarkən işləmək üçün dövrün seçilən mətbu orqanlarından olan “Azərbaycan pioneri” qəzetinə dəvət alır. 1957-ci ildən 1969-cu ilə kimi həmin redaksiyada ədəbi işçi, şöbə müdiri, 1971-1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında məsul katib, 1976-1979-cu illərdə isə Azərbaycan Yazıçıları İttifaqının orqanı “Azərbaycan” jurnalında məsul katib vəzifələrində çalışmışdır. Bir müddət Cəfər Cabbarlı adına kinostudiyada ssenarist kimi çalışsa da, sonradan yenidən “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasıına qayıtmışdır. Ədəbi yaradıcılığının və jurnalistlik fəaliyyətinin uğurlarını qəzet-jurnal redaksiyalarında reallaşdıran Əmir Mustafayev bir müddət “Azərnəşr”də bədii ədəbiyyat şöbəsində müdir, 1990-cı illərdə “Karvan” kitablar seriyası redaksiyasında məsul katib işləmişdir. Hansı mətbu orqanda, hansı kollektivdə çalışmasından asılı olmayaraq, yazıçı Əmir Mustafayev ədəbiyyatın fədaisi, jurnalistikanın və kollektivin sevimlisi olmuşdur. Tale elə gətirdi ki, tanınmış yazıçı-jurnalist Əmir Mustafayev “Respublika” qəzetində (1991) baş redaktorun müavini işləyərkən onunla bir qəzetdə çalışmaq xoşbəxtliyinə nail oldum. Açığı o zaman istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı ilə bağlı apardığım araşdırmalar Əmir Mustafayevlə münasibətlərimə əlavə çalarlar gətirdi. Bir dəfə məni möhkəm söhbətə tutdu və Əhməd Cavadın qarlı bir qış günü Qusara, oradan da atla Xuluq kəndinə gedişini ona nağıl elədim. Bir neçə gündən sonra gördüm ki, “Ədəbiyyat” qəzetində Əmir Mustafayevin mənim danışdıqlarım əsasında yazdığı “Qusardan gələn atlı” adlı hekayəsi çıxıb. Qəzeti götürüb Əmir müəllimin yanına getdim ki, bəs, bu mənim dediklərimdi, axı... Əmir müəllim xoş əhval-ruhiyyədə əlini çiynimə qoyub dedi: - Bəli, söhbət sənin, hekayə mənimdir... Bu kiçik epizodu xatırlatmaqla diqqətinizə çatdırmaq istəyirik ki, ədib Əmir Mustafayevin istər yazıçı kimi, istər jurnalist kimi qələmə aldığı irili-xırdalı bütün əsərləri, məqalələri və publisistik yazıları öz taleyini əsl həyatdan, həyat həqiqətlərindən götürmüşdü. Əmir Mustafayev bu cür həyatın içindən və reallıqlarından gələn “Qurd ürəyi”, “Ürəkdən asılan yük”, “Qara zolaq” kimi romanların, 20 povestin, 200 hekayənin, 500-dən atıq publisistik yazının və müxtəlif səpkili məqalələrin müəllifidir. Bir neçə povest və hekayəsi Türkiyədə, İranda, İraqda və Rusiyada nəşr edilmişdir. Yazıçı Əmir Mustafayev 1993-2002-ci illərdə Milli Məclisin orqanı “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. Bu illər ərzində yazıçı-jurnalist Əmir Mustafayev milli dövlətçiliyimizin qorunub möhkəmləndirilməsi naminə səyini əsirgəməmişdir. O, ulu öndər Heydər Əliyevin siyasi kursuna dəstək olaraq müstəqil dövlətimizin dayaqlarını sarsıtmaq məqsədi güdən qüvvələrə qarşı obyektiv jurnalist prinsipiallığı nümayiş etdirmiş və sərt yazıçı mövqeyi göstərmiş, demokratik və azad cəmiyyət quruculuğu işinə öz töhfəsini vermişdir. Yüksək peşəkar yazıçı və jurnalist keyfiyyətləri ilə oxucuların və həmkarlarının sevimlisi olan Əmir Mustafayev sözün həqiqi mənasında, gözəl insan, yaxşı yazıçı və peşəkar jurnalist idi. O, yazıçı və jurnalist kimi rəsmi nümayəndə heyətinin tərkibində Türkiyədə, Kiprdə, Çində və digər ölkələrdə səfərlərdə olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, ictimai xadim Əmir Mustafayev respublikamızın ilk ziyalılarındandır ki, 1996-cı ildə Azərbaycan Prezidentinin fərmanı ilə ədəbiyyat və jurnalistikada göstərdiyi xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdi. Prezident təqaüdçüsü idi. Tanınmış yazıçı, peşəkar jurnalist Əmir Mustafayevin Azərbaycan reallıqlarına, xalqımızın birliyinə, ölkəmizin milli müstəqilliyinin və ərazi bütövlüyünün toxunulmazlığına xidmət edən əsərləri və məqalələri bundan sonra da əsl qələm sahiblərinə örnək olacaq.
Doğum:
Azerbaycan, 12 Mart 1936

Okurlar

1 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok