Seyidin diqqətini çəkən yaxın keçmişimizdə, Çanaqqala döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan topçu əri Mehmet oğlu Seyit Çavuşun başına gələnlər idi - həmin qanlı döyüşdə Seyit Çavuşun atdığı bir mərmi döyüşün taleyini həll edən amillərdən biri olmuşdu, ancaq burada Seyidin diqqətini çəkən Seyit Çavuşun mərmini necə atması idi. Deməli, növbəti düşmən mərmisi partlayandan sonra Seyit Çavuş görür ki, top, Əli adlı başqa bir əsgər yoldaşı ilə onun ümidinə qalıb. Düşmən gəmiləri də sahilə yaxınlaşır, yəni əsgər şərəfinin, vətən torpağının bundan ağır və çıxılmaz vəziyyəti ola bilməz. Əsgər yoldaşı Əli ilə bu müşkülü dartışırkən, Seyit Çavuş özündə elə bir güc hiss edir ki, təxminən 300 kg-a yaxın mərmini təkbaşına bir neçə dəfə topa qoyub, atəş edir axır ki, düşmənin ən ünlü gəmilərindən birin vurur... Ağır, sürüşkən mərmiləri götürmək, bir neçə pilləkən qaldırıb, topun lüləsinə yeritməkdən əlavə burda iki maraqlı məqam Seyidi düşündürürdü; birincisi, nə Seyit Çavuş, nə də yoldaşı Əli tuşlayıcı, nişançı deyildi, sadəcə heyət nəfəri idi, ikincisi isə, bu hadisə məşhur olandan sonra komandiri fotoqrafçı gətirdir istəyir ki, mərmini qaldıran vəziyyətdə Seyit Çavuşun şəklini çəkdirsin, ancaq Seyit mərmini qaldıra bilmir ki, bilmir... Düşünə-düşünə Seyid özü üçün yəqinləşdirdi ki, Cənabi- Haqq istədiyi məqamda istədiyi adama elə bir güc verər ki, uca dağlar belə insanın qarşısında duruş gətirə bilməz. Necə ki, Fərhad Şirin eşqi ilə Bisütunu yerlə bir etmişdi...