Bu kitabı almamışdan əvvəl mənəviyyatım bəzi ikrah oyandırıcı səbəblərdən dolayı narahat durumda idi; həmin an mənə psixoloji olaraq kömək edəcək bir fəlsəfi düşüncə axtarırdım. Qarşıma stoisizm (stoaçılıq) çıxdı. Əvvəldən bu fəlsəfi cərəyan barədə kiçik məlumata sahib olduğumdan çox da qeyri-adi effekt yaratmadı məndə. Amma yenə də, buna baxmayaraq, bir az dərinlərə endim və bu fəlsəfi düşüncə tərzini sevməyə başladım. Fikirləri həyatda üzü ağ və dik duruş sərgiləmək istəyənlərə ithaf edilib, deyə bilərəm. Xoşbəxtlikdən təqribən 10 gün sonra TEAS Press Nəşriyyat Evinin "Stoik Gündəliyi" adlı yeni kitabını satışa buraxdığı xəbərini eşitdim. Bu, həqiqətən, möcüzə idi. Və şübhəsiz ki, fürsəti fövtə vermədən dərhal əldə etdim. Peşman deyiləm, fəqət düşündüyüm qədər dərin kitab olmadığını da vurğulamalıyam. Sadəcə günlük fəlsəfi fikirlər söylənilir Mark Avreli, Epiktet və Senekaya istinad edilərək. Və bunun ardınca, həmin həyata dair fəlsəfi fikirdən yola çıxaraq oxucu müəlliflərin "fəlsəfi şəxsi-inkişaf şərhini" oxuyur.