Gərək bu xatirələrin qabağında davam gətirə biləsən. Xatirələr üst-üstə gələndə, kilidli qapılardan biri açılıb, boğazından içinə qaynar qurğuşun töküləndə, ürəyinə də damcı-damcı ağrı axanda, gərək ya fit çalıb, göz vurub özünü səfehliyə qoyasan, ya əllərini qaldırıb təslim olasan. Başqa yol yoxdur. Çünki keçmiş həmişə pusqudadır, fürsət düşən kimi tətiyi çəkir. Vay o gündən ki, güllə səni tapa..