"Qızılgülün adı" - "Bu elə bir kitabdır ki, ədəbiyyatı sevməyənlər belə dünyagörüşünün inkişafı naminə bu kitabı oxumalıdır."
Hadisələr 14-cü əsr İtaliyasında, monastrda baş verir. Əsərin əsas mövzusunu orta əsrlərin ziddiyyətləri, xristian dünyasında baş verən çəkişmələr, tarix, cinayət təşkil edir. Roman böyük və zəngin bir monastrda bir rahibin öldürülməsi və bu hadisələri araşdırmaq üçün həmin monastra gəlmiş iki şəxs - Ustad Baskervilli Vilhelm və müridi Adsonun 7 günlük hekayəsindən bəhs edir. Hadisələri artıq yaşlı bir rahib olan Adso nəql edir.
Bilgi dolu bu kitabında Eco xristianlıq və onun təriqətləri; müxtəlif din adamlarının, filosofların kitabları haqqında geniş məlumat verir. Əsərdə həmçinin oxucunu düşündürən fəlsəfi fikirlər; tarix, din, sevgi, cinayət və s. birləşir. Zəngin mütaliə bazası istəyir, onu anlamaq asan deyil.
Tamam fərqli üslubu, sirli dünyası, sehri var kitabın... Çox fərqli duyğular yaratdı məndə. İfadə edə bilməyəcəyim qədər çox bəyəndim. Hadisələrin bir monastrda baş verməsi daha fərqli, daha maraqlı edir kitabı. Xristianlıq, rahiblərin həyatı barədə məlumatlanmış olursan. Təsirindən uzun müddət çıxa bilməyəcəyim bir kitab oldu.
Gələk kitabımızın adına. Son səhifəyə qədər kitabda qızılgüllə bağlı heç bir şey görmədim. Nəhayət kitabı bitirən son cümlə biraz kitabın adına uyğun gəlirdi - "Stat rosa pristina nomina nuda tenemus" cümləsi dilimizə "Adı qalıb əvvəl qızılgül olanın , irəlidə də sırf adlarımızla qalacağıq"-deyə tərcümə olunur. Burdan belə bir məna çıxır ki , bütün gözəl şeylər adlarıyla xatırlanır. Qızılgülün qoxusu bir müddət sonra getsə də , onun adı və gözəlliyi hər zaman qalır.
Biraz daha araşdırdığımda Umberto Econun bu adın kitabla əlaqəsiz olduğunu bilərək seçdiyini öyrəndim. Yazıçı qeyd edir ki, kitabın adı oxucuya məzmun haqqında məlumat verməməlidir.