Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

"Sonsuzuncu dəfə" novellamdan alıntılar.
Yaşadığım müddətdə illərlə eyni tərzdə paltarlar geyinmiş, eyni eynəyi taxmışdım. Görünür bu dünyəvi şeylər artıq mənim ruhumun bir parçasına çevrilmişdilər. Mən bu paltosuz, bu eynəksiz və hətta bu qara, laklı tuflilərsiz tam olaraq mən sayılmazdım. İntihara meylli birinə çevrilmişdim. Bu intihar meyli mənim həyatımı tamamilə durğun bir vəziyyətə gətirmişdi. Artıq nə nəsə etmək, nə kimisə görmək, nə də harasa getmək istəyirdim. Ard-arda intihar cəhdləri edirdim və xüsusi bir bacarıqsızlıqla heç bir cəhddə ölməyi bacarmırdım. Bu mənim ən çox bilinən xüsusiyyətim idi: bacarıqsızlıq. Hərdəmxəyal idim, fərsiz idim və hər işi əlimə-üzümə bulaşdırırdım. Həyatımda məhv olan hər şeyin günahkarı da elə özüm idim. Hadisələrin axarı üzərində heç bir hakimiyyətim yox idi. Buna təəccüblənmirdim, artıq həyatımı bitirmişdim və həyatım boyunca hadisələr üzərində olan hakimiyyətdən belə istifadə edə bilməmişdim. Kaş yaşadığım müddətdə də hər şey belə öz axarı ilə davam etsəydi mənim heç nə etməyimə ehtiyac olmadan. Ən böyük uçurum isə özümlə aramda yaranan uçurum idi. Bir kainat böyüklüyündə və elə kainat kimi hər gün daha da genişlənən. Hər səhər gözümü açdıqda ilk düşündüyüm şey ölüm idi, hər gecə yatmazdan əvvəl arzuladığım şey həmçinin. Amma bundan o tərəfə keçmirdi, bu istək sözdə qalırdı. Ölümü düşünmək günahlarımla arama qoyduğum bir çəpər kimiydi. Bu şou idi, özümü cəzalandırma üsulum. Mən ölmək istəmirdim, sadəcə ölümü düşünməyi sevir, bir tək intihar arzularında hüzur tapırdım. Bacarıqsız biri olduğumun fərqindəyəm. Heç vaxt heç kimi məmnun etməyi bacarmamışam. Heç özüm də məmnun olmamışam. Amma ən azından ruhumun hüzur tapmasını istəyirəm. "Ümidvaram ölüm materialistlərin dediyi kimi sadəcə məna yüklənən bir boşluq, bir heçlik deyildir. Çünki mən günahlarımın cəzasını çəkmək istəyirəm. Özümlə birlikdə günah işləyən hər bir kəsin də həmçinin mənimlə birlikdə əzab içində qovrulmasını istəyirəm. Məni yaxşı insanlar, Tanrı yolunda olanlar maraqlandırıb eləmir. Onlar üçün bir cənnət olmasa da olar, onlar əbədi boşluğa qərq olsalar belə bu həyat və ölüm haqqında heç bir şeyi dəyişdirməz. Amma əgər ki, öldükdən sonra bir cəza olmayacaqsa, bir sorğu, ya da ən azından bir qınaq olmayacaqsa, bax, bu hər şeyi mənasız hala salar. Açıqcası mən Tanrı olsaydım bir tək cəhənnəmi yaradardım. Var olmaq günahlarımızdan və günahlarımızın cəzalarından ibarət olmalıdı. Hətta verilən mükafatların altında belə bizim ilk baxışdan anlamadığımız cəzalar yatır. Yenə də Tanrının bizim üçün nə hazırladığını hansımız bilə bilərik ki. Tanrı bizi qorusun! Bəli, Tanrı bizi bağışlamamaqla, bizi cəzalandırmaqla qorusun." Hər şey tələsik yola verilirdi. Hamı öz günlük işlərinə qayıtmağa can atırdı, bu səbəblə də bütün qolunda qüvvət olan iş yoldaşlarım məzarımı can-başla qazmağa yardım edirdilər. Tabutum duaların sədası altında məzara endirildikdə bəzi yoldaşlarım guya kədərdən üzlərini gizlətmək üçün başlarını aşağı əydilər amma əslində bahalı ayaqqabılarının qəbiristanlığın palçığına bulaşıb-bulaşmadığına baxmaq istəyirdilər. Bir az mənə bənzəyirdi, bir az uşaqlıqda məni tərk etmiş atama. Bir az evimiz yandıqda məni alovların içindən qurtaran o dayıya və bir az da iş yerimin divarından asılmış o müqəddəsin şəklinə. Ümumiyyətlə Tanrıya diqqətlə baxdıqda o hər saniyə dəyişirdi. Söhbət sonsuzluqdan gedirsə bir başlanğıc ya da bir sonun mənası qalmır. Həyat əbədi bir tsikldən ibarətdi və hər ruh üçün yaradılmış sadəcə bir bədən mövcuddu. Doğulanda ağlamışdım. Çünki necə öldüyümü xatırlayırdım...
·
120 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.