Gönderi

382 syf.
7/10 puan verdi
·
3 günde okudu
Modern türk ədəbiyyatında həyatdakı mənfiliklərə, ictimai quruluşa, yaxud bir şəxsə qarşı yönəldilmiş istehzalı, kəskin, acı, kinayəli baxış mövzusundan bəhs etdikdə ağla ilk gələn yazıçı Əhməd Həmdi Tapınar olur. İnsan və cəmiyyət ptoblemi daima yazıçını düşündürən məsələlərdən başlıcası olub. Düşüncələri bir neçə əsərində özünə yer tapıb. Onlardan biri də 1947-49-cu illərdə əvvəlcə "Yeni İstanbul" qəzetinin saylarında, 1961-ci il yazıçının ölümündən bir neçə ay əvvəl kitab halında nəşr olunmuş “Saatları qurma institutu” romanıdır. Tanpınar bu romanında türk cəmiyyətinin təxmini iki yüz illik dövrünü əhatə edib. Ədəbiyyatşünaslara görə, hadisələr Hayri İrdalın timsalında əlli illik zaman kəsiyinə sıxışdırılsa da, əslində çöx böyük tarixi dövrü əhatə etməkdədir. Birinci hissə Tənzimatdan əvvəlki dövrü, ikinci hissə Tənzimat dövrünü, üç və dördüncü hissə Cümhuriyyət dövrünün başlaması və davamını göstərir. Yazıçı müxtəlif dövrlərdə yaşamış nəsilləri və türk cəmiyyətində yaşanan sıxıntıları bir zaman tuneli mənzərəsində təqdim etməyə çalışıb. Əhməd Həmdi Tanpınar son romanı “Saatları qurma institutu” fərddən başlayıb kütləyəcən cəmiyyətin dəyişmə prosesindəki vəziyyətini oxucuya böyük ustalıqla, obyektiv baxış bucağıyla çatdırmağa çalışıb. Düşünürəm ki, həmin dövrdə 1942-46-cı illərdə yazıçının Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilməsi də yazıçının cəmiyyəti daha yaxından müşahidə etməsində böyük rol oynamışdı. Romanı oxuduqda müəllifin geniş bilik deposunun və təcrübələrinin məhsulu olmasını hiss etmək mümkündür. Yazıldığı tarixdən xeyli müddət keçsə də, əsərin mövzusu hələ də aktualdır. Ə. H. Tanpınar fərdin və cəmiyyətin həyatındakı absurdlar və çatışmazlıqlarla təşkilatların fəaliyyətindəki axsaqlıqları kəskin tənqid atəşinə tutmaqla kifayətlənmir, həm də bütün bunları oxucuya özünə məxsus ironiya ilə çatdırır. İroniya üslubu komediya və tragediya ilə kəsişən ortaq nöqtələrə malikdir. Bu mənada Tanpınar komediya və hüznü eyni müstəvidə istifadə edə bilən yazıçıdır. “Saatları qurma institutu” romanında da satira, istehza, faciə iç-içə keçmiş formada işlənib. Yazıçı sərt dillə tənqid etmək əvəzinə üstü qapalı şəkildə, ironiya yoluyla hadisələrin qavranılması və şərh edilməsini oxucunun öhdəsinə buraxır. Məlum məsələdir ki, bu üslubu istifadə edən yazıçılar oxucuları bilərəkdən düşünməyə yönəldirlər və hədsiz yumor qabiliyyətini ortaya qoyan istehza həm də müdriklik kimi qəbul edilə bilər. Tanpınarın istehzaedici ruhu emosional plandan çox düşüncə planında çoxluq təşkil edir. “Saatları qurma institutu” romanında hadisələrin tragediya tərəfi nə qədər ağır basdırsa da, komediya tərəfləri oxucunun diqqətini daha çox çəkir. Yazıçı burda öz peşəkarlığı sayəsində romanın ağır tragik havasını ironiyalarla yumşaltmağa çalışır. Baş qəhrəman Hayri İrdalın bibisi Zəfirənin "axirətdən qayıtması" hadisəsindən başlamış roman boyu digər obrazların Hayri İrdalın ikinci xanımı Pakizənin tez-tez film səhnələrini realda yaşaması, ərini Napoleon, özünü Jozefina görməsi, digər ailə üzvlərinin kokteyldə 180 dərəcə dəyişmiş davranışları oxucunu güldürməyə bilməz. Etiraf edim ki, romanın sonlarına doğru gülməkdən gözlərimin yaşarması da oldu. Sanki yazıçı əsəbi gülüş yaradaraq hadisələrlə bağlı yaranmış gərginliyi birdən-birə düşürür, oxucunu həmin gərginlikdən xilas edir. Əhməd Hamdi Tanpınarın “Saatları qurma institutu” romanı həm də Osmanlı mədəniyyəti ilə müasir Qərb mədəniyyəti arasında qalan, dilemma qarşısında duran türk cəmiyyəti və fərdlərin yanlış mövqeləri və davranışlarını iztehza yoluyla göstərən əsərdir. Mədəniyyətlər arası ziddiyyət o qədər uzun zamanı əhatə edib ki, yazıçı artıq bütün bunları ironiya ilə çatdırmağı lazım hesab edib. Romandakı saat obrazı nəyi bildirir? Romandakı saat obrazı insanı başa düşmək üçün istifadə olunub. Romanın nümunə alınacaq qəhrəmanı Nuri Əfəndinin dilindən saat haqqındakı düşüncələrini açıqlayır: "Saatın özü məkan, yürüyüşü zaman, kökəni (ayarı) insandır... Bu da göstərir ki, zaman və məkan insanla mövcuddur!" (səh.32). “Saatları qurma institutu” bütün saatları eyni anda yürütmək məqsədiylə qurulmuşdu. Şəhərin saatları müxtəlif səmtlərdə fərqli saatları göstərir. Saatları düzəldəcək olan institut əslində Tənzimatla birlikdə qərbləşmə və dəyişmək problemləri yaşayan və Şərqlə Qərb mədəniyyəti arasında qalmış türk cəmiyyəti və ayrı-ayrı fərdləri eyni istiqamətə yönlədirən bir təşkilatı simvolozə etmiş də ola bilər. Son olaraq Ə.H. Tanpınarın “Saatları qurma institutu” romanı türk cəmiyyətinin yanlış davranışlarını, köhnəliklə yeniliyin mübarizəsini, həm fərdi, həm də ictimai ölçüdə təsirli və istehzalı üslubla ortaya qoyan əhəmiyyətli roman hesab olunur və günümüzdə də aktual roman kimi oxunmaqdadır. @mumogluceylan
Saatleri Ayarlama Enstitüsü
Saatleri Ayarlama EnstitüsüAhmet Hamdi Tanpınar · Dergah Yayınları · 202342bin okunma
·
1 görüntüleme
ahmet er okurunun profil resmi
Elinize sağlık. Gayet güzel bir inceleme olmuş. Tanzimat'tan beri Türk romanında Doğu-Batı çatışması ele alınır genelde. Tanpınar'da bu çatışmayı iyi işleyen yazarlardandır.
Ceylan Mumoğlu okurunun profil resmi
Teşekkür ederim. Tanpınardan okuduğum ilk roman oldu. Huzuru da okuyacağım.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.