Yenə Auschwitz, yenə təsirli bir əsər.
Həyat hekayəsi olduqca maraqlı və gizəmli şəxs - Primo Levi.
Gənclik illərində olarkən faşizmə qarşı mübarizə aparan və həbs olunaraq Auschwitz'ə göndərilən və oradan sağ çıxan tək-tük insandan biri olan Levi bu əsərdə öz hekayəsini təsirli bir dildə qələmə alıb. Nə Levi, nə də tutularaq Avropadakı müxtəlif düşərgələrə aparılan insanlar öz istəkləri ilə ora getməmişdilər. Hamısı zorla və vəhşicəsinə evlərindən və ailələrindən qoparılıb və sözün əsl mənasında yaşamaq üçün mübarizə aparmaq məcburiyyətində qaldıqları bir yerdə idilər. Aclıq, susuzluq, ayrıseçkilik, zülm, fiziki və psixoloji işgəncə, qeyri-insani və barbar davranışla keçmiş mənliklərinin kölgəsi olana qədər mübarizə apardılar. Əsərdə insanların qətlə yetirilməsindən daha çox, insanlığın məhv edilməsi ön plana çəkilir. Əslində Levi özünü bu kitabın baş qəhrəmanı hesab etmir və düşünür ki, ordan sağ çıxmaq heç də "uğur" sayılmamalıdı. Levi bunları yazarkən heç bir nifrət duymadan, ola bildiyincə ədalətli və dürüst olmağa, duyğusallıqdan uzaq qalmağa çalışır.