Təlim-tərbiyə işinin təşkilində dini-mənəvi maarifləndirilmənin də rolunu xüsusi qeyd etmək lazımdır. Bütün əxlaqi kateqoriyaların şərhi yolu ilə gənclərə sağlam həyat tərzi, düzgün yaşam fəlsəfəsi təbliğ olunmalı, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik prinsipi önə çəkilməlidir. Gənc nəslin tərbiyəsində bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin, folklor nümunələrinin, o cümlədən tanınmış yazıçı və şairlərin əsərlərinin mühüm rolu vardır. Əli Rzazadənin müəllifi olduğu “Yağış” romanı gənclərin mənəvi dəyərlər istiqamətində tərbiyələnməsi və düzgün dini-mənəvi biliklər əldə etməklə xurafat və mövhumatdan uzaqlaşaraq elmə və biliyə söykənən fəlsəfi biliklər əldə etmələrinə yardımçı olur. Əli Rzazadə ixtisasca şərqşünasdır və şərq fəlsəfəsini orijinal dillərində oxuyaraq dərindən mənimsəmişdir. O qələmə aldığı əsərlərində şərq fəlsəfəsinin incilərinə toxunur və oxucusuna müxtəlif üsullarla təqdim edir.