Hər adam aldatmağı bacarmır. Varlanmaq üçün oğurlamaq lazımdır, rüşvət götürmək lazımdır, dövlətin cibinə girmək lazımdır, aldatmaq lazımdır. Heç görmüsən düz yolla pul qazanan gəlib varlı birisi olsun? Heç maaşla da varlanmaq olar? Biznes deyilən bir şey, reklam adlanan bir şey insanları aldatmaq üçün, onun-bunun cibinə mədəni surətdə girmək üçün düşünülmüş bir tələdir, yəni oğurluqdur. Oğru gizlənib aldadır, qorxa-qorxa aldadır, gözbağlıca oynayıb aldadır. Qalstuklu kimsələrsə adamı aşkar aldadır; yalanı sənə həqiqət adı ilə qaşıq-qaşıq yedizdirərək aldadır: bizi əvvəlcə siyasətçilər aldadır, sonra məmurlar, sonra biznesmenlər, sonra yazıçılar, sonra süpürgəçilər, sonra çilingərlər, sonra taksi şoferləri aldadır. Və hamı beləcə aldana-aldana, aldada-aldada yaşayır. Hökumət camaatı aldadır, camaat da hökuməti.
Bir də görürsən ki, cəmiyyətdə hamı oğrudur!