Günah içində ömrün,
əsən soyuq küləkmiş,
Məqam gələr, deyərsən,
ölüm nə yaxşı şeymiş...
Çəkən qəmi, əzabı, bu
sonsuz iztirabı,
Sınıq-sökük ürəkmiş,
ürək nə yaxşı şeymiş...
İnanmaz idim, ey can,
şirindi gözdəki qan,
Biləndə tamı nəymiş,
dedim nə yaxşı şeymiş...
Rəzalət içrə böylə,
batıb gedəndə, söylə,
Qəza-qədər beləymiş,
qədər nə yaxşı şeymiş...
Həyat yorubsa, heyhat,
bürün ağa, uzan yat.
Kəfən deyil, bələkmiş,
bələk nə yaxşı şeymiş...
*İlqar FƏHMİ*