Bir yalan sevgidən yorulmaq asan,
Bir ölən sevgini diriltmək çətin.
Günəşli günlərdə vurulmaq asan,
Yağışlı günlərdə unutmaq çətin
Yağışlı günlərdə unutmaq çətin,
Günəşli günlərdə vurulmaq asan.
Bir ölən sevgini diriltmək çətin,
Bir yalan sevgidən yorulmaq asan.
Bəlkə düşən yarpaq buluddan düşür,
Ağaclar hamısı çılpaqdı axı.
Elə bil ölüdü, tabutdan düşür,
Düşür çiynimizə payız yarpağı.
Sənin gözün yaşlı, baxışın incik,
Mənim əllərimin sığalı soyuq.
Bu gələn payızın yağışı incik,
Küləkləri hirsli, suları soyuq.
Həqiqətən də, insanların sağlıqlarında görmədikləri diqqəti öləndən sonra qazanmaları məni həmişə narahat edib. Amma hər halda mənim vəziyyətimin bu narahatlığa heç bir aidiyyatı yoxdur.
…Bu gələn payızın suları soyuq,
Küləkləri hirsli, yağışı incik.
Mənim əllərimin sığalı soyuq,
Sənin gözün yaşlı, baxışın incik.
Düşür çiynimizə payız yarpağı,
Elə bil ölüdü, tabutdan düşür.
Ağaclar hamısı çılpaqdı axı,
Bəlkə düşən yarpaq buluddan düşür.
Yağışlı günlərdə unutmaq çətin...
Yağışlı günlərdə unutmaq çətin...
Bir yalan sevgidən yorulmaq asan,
Bir ölən sevgini diriltmək çətin.
Günəşli günlərdə vurulmaq asan,
Yağışlı günlərdə unutmaq çətin…