Deyirlər ki, analar karandaş, atalar isə qələm kimidir.
Karandaşın getdikcə balacalaşıb, axırda bitməsi gözdən qaçmır. Ancaq qələm bir anda və xəbərsiz bitir.
Dörd gün sürən kurslardan sonra evə qayıtdıq. Qəzvinə çatanda ah çəkib dedi:
-Oxay! Rahatlaşdım. Ürəyim səninçün çox darıxmışdı, xanım.
Təəccübləndim.
-Biz ki ayrı deyildik.
-Başqalarının yanında sənə rahat baxa bilmirdim.
Bilirsən nə qədər darıxırdım?!
Bu kimi yerlərdə bəzilərinin subay olduğunu nəzərə alırdı.
Sanki qismətim mənə baxmayan həyalı gözlərə aşiq olmaq imiş. Bu sirli və cəlbedici gözlərə bir baxışda aşiq olmağın nə demək olduğunu anlamaq çətin deyildi. İnsan aşiq olur və həmin anda bir cüt göz onun bütün həyatına çevrilir. O gözlər gülərkən hər bir problem yerindəcə həll olur. Məhz həmin gün o gözlərə aşiq oldum; bəzən gülən, bəzən də dolubboşalan ecazkar gözlərə.