İlin 12-ci kitabı. Və əminliklə deyə bilərəm ki, bir kitabdan daha artığı..
8 il öncə bu kitabı ilk dəfə əlimə alanda hələ yaxşı dərk etmədiyimi, mənə qaranlıq qalan çox nüansın olduğunu anlayıb yarıda qoymuşdum.
Bugün isə kitabı bitirib və daha öncədən oxumadığım üçün bir daha təəssüfləndim..
Sözü gedən kitab -"Martin İden" Cek Londonun avtobioqrafik romanıdır. Kitabda bəhs olunan hadisələrin böyük qismini Cek London həyatında yaşamışdır.
Kitab sözün əsl mənasında sevgini, dostluğu, əməyi, həyatın gerçək üzünü bütün çılpaqlığı ilə ortaya çıxarır. Bir zamanlar burjuaziyaya həsədlə baxan, o səviyyəyə çatmaq üçün gecəsini gündüzünə qatan gənc obraz - Martin əsərin sonunda "ali silk" hesab etdiyi cəmiyyətin heç də qibtə ediləcək durumda olmadığını, çox cılız insanların bir araya gəlib bu təbəqəni təşkil etdiyini dərk edir.
Çox sevdiyi Ruf onu uğursuzluğu üzündən tərk edir. Hansı ki , Martinin bütün çabası elə Rufa layiq olmaqdan ibarət idi.
Əsərin sonu gözlədiyim kimi bitir. Çünki əmin idim ki, Martin gerçəkləri görəcək, dərk edəcək . Və bu həyatın gerçək üzünü görən , hiss edən hər kəsin beynindən azı 1 dəfə də olsun intihar etmək keçmişdir. Martinin bu insanlardan fərqi ondadır ki, o beynindən keçən bu qorxunc fikri reallaşdırır.